“Məhəmməd Altunbayın həyatı və yaradıcılığı”. AMEA Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, prof. Abid Tahirlinin yeni monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının mühacirət dövrü hissəsinin tədqiqində əvəzsiz mənbə sayıla bilər. Xatırladaq ki, Azərbaycanda repressiya dalğasının gücləndiyi illərdə xaricə mühacirət edən Məhəmməd Altunbay M.Ə.Rəsulzadənin rəhbərliyi ilə 1949-cu ildə Ankarada təsis olunan Azərbaycan Kültür və Dayanışma Dərnəyinin yaradılmasında yaxından iştirak edib, mətbuatda müxtəlif mövzularda məqalələrlə çıxış edib. Abid müəllimin yeni monoqrafiyası bu istedadlı yazıçı və publisistin həyat və yaradıcılığının araşdırılması istiqamətində hələlik ilk və ən sanballı tədqiqat işi sayıla bilər.
Bu gün 69-cu payızına vida deyib ömrünün 70-ci pilləsinə qədəm qoyan prof. Abid Tahirli Azərbaycan ədəbiyyatşünaslığında mühacirətşünas alim, bu sahədə öz dəsti -xətti olan tədqiqatçı, söz sahibi kimi tanınır. “İllər bir-birini əvəz edir, ancaq onun iş görmək, yaradıcılıqla məşğul olmaq enerjisi heç vəchlə azalmır. İllər bu enerjini zəiflətməkdə gücsüzdür və o, dediyim həmin jurnalist çağlarında hansı enerji ilə çalışırdısa, bu gün də elə həmin enerji ilə axtarır, tapır, tədqiq edir, xalqa çatdırır”. Yazıçı Elçinin prof. Abid Tahirli haqqında dediklərini bu yaradıcı insanla ünsiyyətdə olanların, onunla birgə çalışanların hamısı birmənalı təsdiqləyər. Prof. Abid Tahirli Azərbaycan ədəbiyyatşünaslıq elminin, publisistikasının o parlaq simalarındandır ki, yazıb yaratmaq həvəsləri heç vaxt tükənmir, yaradıcılıq enerjiləri ilhamları kimi daima coşub-daşır, yazıb yaratmaq hissi həyat, yaşam ideallarıdır.
Prof. Abid Tahirlinin dövrü mətbuatda nəşr etdirdiyi sanballı məqalələr, araşdırma materiallar onun necə məhsuldar alim olduğunun göstəricisidir. Bu yaradıcı insanın ən üstün cəhəti peşəsinə qəlbən bağlı olması, azalmayan “qələm” sevgisidir. Tədqiqatlarında faktların dəqiqliyi, dürüstlüyü, yazı dilinin şirinliyi, səmimiliyi Abid müəllimin ziyalı şəxsiyyətinin xarakterik xüsusiyyətlərindəndir. Akademik İsa Həbibbəyli “Abid Tahirli geniş mənada elmi-publisist əsərləri ilə azərbaycançılıq ideyalarına ləyaqətlə və uğurla xidmət edən vətəndaş ziyalıdır”, prof. Rüstəm Kamal “Abid Tahirlinin özünəməxsus xatirə üslubu var. Bir-iki detalla portreti canlandıra bilir” deyir. Görkəmli ədəbiyyatşünas alim Xeyrulla Məmmədov Abid Tahirlini tədqiq etdiyi sahənin “lokomotivi” sayır, prof. Məhərrəm Qasımlı onun elmi fəaliyyətini “bir mücadilə” adlandırır. Prof. İslam Qəribli “Abid Tahirli mühacirət dövrü ədəbiyyatımızı, publisistikamızı elmi müstəvidə təhlilə cəlb edən, elmə gətirən söz adamıdır, alimdir. O, ədəbiyyat tarximizin bu hissəsini ilmə-ilmə çözməkdədir” fikrindədir. Prof. Nizaməddin Şəmsizadə Abid müəllimin xasiyyətini doğulduğu, böyüyüb başa catdığı diyarın təbiəti ilə müqayisə edir…
Abid Tahirli ədəbiyyatşünaslığımızın, mətbuat tariximizin araşdırılmağa daha çox ehtiyac duyulan, əsas hissəsi hələ də yazılmamış qalan mühacirət hissəsinin tədqiqi yolunda 30 ildən çoxdur ki, Fərhad kimi “külüng” çalır. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan ədəbiyyatının və mətbuat tarixinin mühacirət dövrü hissəsinin araşdırılmasında, tədqiqində bu vətənpərvər alimin əməyi əvəzsizdir. Nəzərə alaq ki, Abid müəllim bu şərəfli missiyasına başlayanda Azərbaycan müstəqilliyini əldə etməmişdi, hələ əmrlər, tapşırıqlar yuxarıdan gəlirdi, çap olunan yazılar sözbəsöz “Qlavlit”in süzgəcindən keçirilirdi. Bütün bu qadağalara baxmayaraq Abid Tahirlinin 1985-1990-cı illərdəki publisist yaradıcılığında azadlıq ab-havasının rayihəsi arıq hiss olunmaqda, duyulmaqda idi. Abid Tahirli 1987-ci ilin sonunda Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti-“Vətən” Cəmiyyəti təsis edildikdən sonra “Odlar yurdu” qəzetində əvvəlcə müxbir, sonralar böyük müxbir, məsul katib, redaktor müavini vəzifələrində çalışanda bir vətənpərvər jurnalist kimi bacarığını ortaya qoydu. Xatırlayaq ki, “Odlar yurdu” həmin illərdə respublikamızda, eləcə də xaricdə yaşayan həmvətənlərimiz arasında ən populyar (tirajı iki yüz əlli min) qəzet idi.
Abid Tahirli publisistik fəaliyyətini həmişə elmi fəaliyyəti ilə paralel aparıb, qoşa qanad kimi. Azərbaycan tarixinin ən keşməkeşli dövründə-1988-1990-cı illərdə mühacirət dövrünü araşdırmaq, bu istiqamətdə tədqiqat aparmaq sizə asan gəlməsin. Abid müəllim bu gücü özündə taparaq C.Hacıbəylinin ilk elmi araşdırmaçısı oldu. Ceyhun bəyin həyatı və yaradıcılığını dərindən araşdıran tədqiqatçı 1997-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı” (mühacirətəqədərki dövr) mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi, 2006-cı ildə “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)” mövzusunda doktorluq işini uğurla müdafiə edərək filologiya elmləri doktoru adına layiq görüldü.
Qeyd edək ki, təkcə 2001-ci ildən bu yana prof. Abid Tahirlinin 20-yə qədər elmi kitabı, 100-ə qədər elmi məqaləsi çap olunub. Bədii-publisistik yazılarının dəqiq sayını yəqin heç özü də bilmir. Abid Tahirli müntəzəm olaraq informasiya portallarında, dövrü mətbuatda maraqlı yazılarla, esselərlə, şeir və hekayələrlə çıxış edir. O, həm də sosial şəbəkələrdə aktivliyi ilə seçilən yaradıcı ziyalılardandır. Ölkədə, dünyada baş verən maraqlı proseslərə anında reaksiyasını bildirir, bir vətənpərvər ziyalı kimi mövqeyini ortaya qoyur, fikirlərini çaxsaylı izləyiciləri ilə bölüşür, polemikaya girməkdən çəkinmir.
Mühacirət ədəbiyyatımızın, mətbuatımızın yorulmaz tədqiqatçısı, alim, yazıçı-publisist, müəllim, işıqlı insan-prof. Abid Tahirli haqqında çox söz demək olar. Şair Nazim Hikmət “Ən gözəl sözlər hələ deyilməmiş sözlərdir” deyir. Deyəcəyimiz çox sözləri görkəmli ədibin növbəti doğum gününə-70 illik yubileyinə töhfə kimi saxlayaq. Yeri gəlmişkən, bu yaxınlarda Abid Tahirlinin yeni “Abay Dağlının həyat və yaradıcılığı” monoqrafiyası da işıq üzü görəcək. Bu monoqrafiyanı əlyazmasında oxuduğum üçün tam səmimiyyəti ilə deyirəm-bu Abid Tahirlinin ən sanballı tədqiqat işlərindən biridir. Abid müəllim qələmindən bərk-bərk yapışan, onu kütləşməyə qoymayan söz adamı olduğu üçün əminliklə deyə bilərəm ki, hələ onun çox əsərlərinin oxucusu olacağıq. İnşallah!
Şair Məmməd İsmayıl “Hardasa, hardasa bizi duyan var,hәlә yaşamağa dәyәr bir az da” deyir. Ömrü prof. Abid Tahirli kimi mənalı, maraqlı, yaradıcı yaşamağa dəyər, vallah dəyər!
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru