AZ

Muxtar Babayev: "Bakı harmoniyası" kənd icmalarının hüquqlarının genişləndirilməsi və iqlimə uyğunlaşma istiqamətində addım olacaq

Bakıda COP29-da təqdim edilən "Bakı harmoniyası" iqlim təşəbbüsü torpaqların bərpası və quraqlığa davamlılığın artırılması səylərinin genişləndirilməsində mühüm addım olacaq...

Poliqon xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Ər-Riyad şəhərində maliyyə məsələləri üzrə nazirlər dialoqunda bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs kənd icmalarının, qadınların, gənclərin hüquq və imkanlarının genişləndirilməsinə yönəlib.

"Bu təşəbbüs çoxtərəfli və milli inkişaf bankları arasında əməkdaşlığın genişləndirilməsi yolu ilə kənd təsərrüfatının iqlim dəyişikliyinə davamlılığını təmin etməyə yönəlib. Əsas məqsəd maliyyələşmə boşluqlarının aradan qaldırılması, eləcə də fermerlərin torpaq erroziyasının qarşısının alınması və dayanıqlı kənd təsərrüfatı metodlarının tətbiqi yolu ilə dəyişən iqlimə uyğunlaşmasına dəstək göstərməkdir", - o bildirib.

M.Babayev COP29-dakı digər nailiyyətlər arasında Paris Sazişinin 6-cı maddəsinin tam qüvvəyə minməsini, eləcə də İtki və Zərər üzrə Fondun işə salınmasını qeyd edib.

Fond barədə danışan COP29-un prezidenti vurğulayıb ki, bu fond quraqlıq da daxil olmaqla iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən ölkələrə əhəmiyyətli maliyyə dəstəyi göstərəcək: "Bu, iqlim itkiləri və zərərləri probleminin həlli yolunda böyük addımdır. Eyni zamanda o, həssas icmaların torpaqların deqradasiyasının nəticələri ilə mübarizə aparmasına kömək edir".

Muxtar Babayevin sözlərinə görə, Paris Sazişinin 6-cı maddəsinin tam işləməsi beynəlxalq karbon bazarlarının formalaşmasına imkan verəcək. Bu da həm dövlət, həm də özəl investisiyaları cəlb edərək torpaq və meşə təsərrüfatının bərpası üçün yeni maliyyə imkanları yaradacaq.

"Bu maliyyə mexanizmlərinin potensialını tam reallaşdırmaq üçün əsas maneələri aradan qaldırmaq lazımdır. Normativ aktlar və maliyyə stimulları vasitəsilə özəl sektorun iştirakı üçün daha əlverişli şəraitin yaradılması həlledici əhəmiyyət kəsb edir. Qrantlar, subsidiyalar və vergi güzəştləri də daxil olmaqla dövlət maliyyələşdirməsi həm ekoloji, həm də sosial faydalar gətirən uzunmüddətli bərpa layihələrinin həyata keçirilməsinə kömək edə bilər. Birlikdə biz torpaqlarımızın bərpasını dəstəkləmək və dayanıqlı gələcəyi təmin etmək üçün maliyyə sistemini dəyişdirə bilərik", - M.Babayev əlavə edib.

Poliqon.info

Seçilən
11
2
poliqon.info

3Mənbələr