AZ

Bu addım ABŞ-də ən ali vəzifə tutanların sözlərinin çəkisinin göstəricisidir

“Co Bayden oğlu ilə bağlı "əfv etməyəcəm" sözlərini prezident seçkiləri ərəfəsində, yəni prezidentliyə namizədliyini irəli sürərkən demişdi”.

Bunu politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a ABŞ prezidenti ABŞ Prezidenti Co Baydenin silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv etməsinə münasibət bildirərkən deyib.

Ekspert vurğulayıb ki, Baydenin oğlu ilə bağlı bu cür bəyanatı seçki təbliğatı dönəmində onun reytinqinə də müsbət təsir göstərmişdi:

"Lakin məlum səbəblərdən Bayden sonradan öz namizədliyini geri götürdü və seçkiyə qatılmadı. Yəqin ki, Baydenin həmin vədləri verərkən əsas məqsədi reytinqini artıraraq seçkidə qalib gəlmək, hakimiyyətdə qalmaq və ondan sonra öz oğlunu əfv etmək idi. Çox güman ki, Baydenin planı belə idi. Amma Baydenin partiyası - Demokratlar seçkini uduzdular”.

Müsahibimiz qeyd edib ki, artıq Baydenin nəyəsə ümidi qalmayıb:

“Bayden gələcək prezidentin onun oğlunu əfv edəcəyini düşünmür. Ona görə də indiki səlahiyyətlərindən istifadə etməklə belə bir addıma əl atdı”.

İlqar Vəlizadə: Artıq Baydenin nəyəsə ümidi qalmayıb

Onun sözlərinə görə, təbii ki, bu addım ilk növbədə Amerikada ən ali vəzifəni tutan insanların sözlərinin çəkisinin göstəricisidir.

“Eyni zamanda ABŞ-nin indiki Administrasiyasının öz vədlərini yerinə yetirməyəcəyini sübuta yetirir. Belə çıxır ki, bu Administrasiya öz ambisiyaları naminə daxili və xarici siyasəti həyata keçirir", - deyə İlqar Vəlizadə əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib. Keçən ay Ağ Evin prezidentin oğlunu əfv etmək niyyətinin olmadığına dair verdiyi açıqlamaya baxmayaraq, onun əvf edilməsinə dair bəyanat yayılıb. Bayden özü də prezidenliyin ona bəxş etdiyi ali səlahiyyətlərdən ailə üzvlərinin mənafeyi naminə istifadə etməyəcəyinə söz vermişdi. Lakin sözündə durmayıb və oğlu Hanter barəsində əfv fərmanı imzalayıb. Bildirib ki, oğluna qarşı təqib siyasi motivli olub və ədalət öz yerini tapmayıb. Baydenin sözündə durmaması tənqid edilib. Prezidentin bu addımı Donald Trampın hakimiyyətə gəlişi ərəfəsində atması da müzakirələrə yol açıb.

Tramp bunu sui-istifadə və hüququn aliliyinin pozulması kimi səciyyələndirib. Dünyaca məşhur iş adamı İlon Mask da ABŞ prezidenti Co Baydenin oğlunu əfv etmə qərarını tənqid edib. O bu addımı ölkənin bütövlüyünü şübhə altına almaq kimi qiymətləndirib:

"Sərxoşluq və narkotik problemləri mənim üçün önəmli deyil, amma ABŞ-nin bütövlüyünü sual altına qoymaq normal deyil".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Baydenin oğlu Hunteri iki məhkəmə prosesi üzrə əfv etməsi demokratiyanın karikaturasıdır:

“Bu, demokratiya haqqında cizgi filmidir”.

Görünür, bu, amerikasayağı demokratiyadır. Digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden Adminiatrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir.

Xatırladaq ki, Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi itithamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.

Aydın Baxış

Seçilən
11
bakivaxti.az

1Mənbələr