“Bayern”in baş məşqçisi Vensan Kompani münhenlilərin ingilis mərkəz hücumçusu Harri Keynin zədəsi ilə bağlı məlumat paylaşıb.
Arena.az “Bayern”in rəsmi saytına istinadən, belçikalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Hazırda təxmin vermək çətindir, amma onun bu il də oynayacağı ehtimalı var. Lakin o, ilkin olaraq bir neçə oyunu buraxacaq. Siz onu tam olaraq əvəz edə bilməzsiniz. O, yüksək səviyyəli oyunçudur, amma biz bu vəziyyətdən başqa çıxış yolu arayıb-tapacağıq”, deyə Vensan Kompani vurğulayıb.
Xatırladaq ki, Keyn Almaniya Bundesliqasının Dortmund “Borussiya”sı ilə 12-ci tur səfər oyununda (1:1) zədələnərək, 33-cü dəqiqədə əvəzlənib. Oyundan sonra aparılmış ilkin müayinə futbolçunun bud əzələsinin gərilməsini aşkarlayıb. Dəqiq məlumat olmasa da, ilkin təxminlər Keynin ən azı iki həftəyə qədər müddətdə yaşıl meydanlardan kənarda qalacağını deyir.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 19 oyuna çıxıb, 20 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 64 oyun, 64 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.