AZ

Ermənistan azərbaycanlıların geriyəqayıdış hüququnu pozur

Ötən ilin sentyabrında dövlət müstəqilliyini tam bərpa edən Azərbaycan Ermənistanın və bu ölkənin xaricdəki havadarlarının “etnik təmizləmə” mövzusunda hələ də səngimək bilməyən qərəzli iddialarını zərərsizləşdirir, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparır.

Tarixin arxivinə gömülmüş qondarma rejimin rəhbərliyində yer almış bir sıra separatçıların İrəvanda təşkilatlanma görüntüsü yaratmaları, Azərbaycana qarşı ittihamlar irəli sürmələri, “Qarabağa qayıdış”la bağlı əsassız təbliğat aparmaları iki ölkə arasında sülh və etimad quruculuğu tədbirlərinə ciddi zərər vurur. Bu günlərdə Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan parlamentdə aparılan müzakirələr zamanı revanşist fikirlər səsləndirərək bildirib ki, “Ermənistan vətəndaşlığını qəbul etmiş Qarabağdan olan məcburi miqrantlar öz statuslarında nəzərdə tutulmuş bütün hüquqlarını, o cümlədən əvvəlki yaşayış yerlərinə qayıtmaq imkanını saxlayırlar”. Qarabağdan gəlmiş 6338 nəfərin Ermənistan vətəndaşlığı üçün müraciət etdiyini, onlardan 4394-nün pasport aldığını bildirən Kazaryan iddia edib ki, “Qarabağ ermənilərinin geri qayıtmaq hüququ 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və İnsan Hüquqları üzrə Avropa Konvensiyası kimi beynəlxalq sənədlərdə təsbit olunub”.

Aşkar görünür ki, Ermənistan hakimiyyətində və cəmiyyətində yer alan müəyyən radikal-millətçi qüvvələr sülh danışıqlarına zərər vuran revanşist düşüncələrdən xilas ola bilmirlər. Hələ də anlamaq istəmirlər ki, Azərbaycanın suverenliyini güc yolu ilə tam bərpa etməsi fonunda “Qarabağa qayıdış” mövzusunda aparılan əsassız təbliğat mövcud geosiyasi reallıqları dəyişmir və bu gülünc addımlar özünətəsəllidən savayı heç bir mahiyyət daşımır.

Rəsmi Bakı lokal antiterror tədbirlərindən sonra bəyan etdi ki, Qarabağ ermənilərinin reinteqrasiyasında, digər etnik xalqlar kimi azərbaycanlılarla birlikdə, dinc yanaşı, mehriban qonşuluq şəraitində yaşamasında maraqlıdır. Bununla belə, Qarabağdakı erməni əsilli şəxslərin Azərbaycanda qalıb dinc yanaşı yaşamaları yalnız ölkə vətəndaşlığını qəbul etdikləri halda mümkün və real ola bilərdi. Ötən il rəsmi səviyyədə bildirilmişdi ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə “reintegration.gov.az” portalına müraciət edə bilərlər. Bu şərti qəbul etməyən, beyinlərinə yeridilən zərərli təbliğatın təsiri altında azərbaycanlılarla bir yerdə yaşamaq istəməyən, könüllü şəkildə ərazilərimizi tərk edən erməni əsilli şəxslərin geriyə qayıdışı iddiaları qeyri-ciddi və hüquqi baxımdan əsassızdır.

Qarşı tərəfin rəsmi səviyyədə dilə gətirilən əsassız iddiaları fonunda rəsmi Bakının son 3 ildə Qərbi azərbaycanlıların təşkilatlanmaları və tarixən yaşadıqları Ermənistan ərazisinə qayıdışı ilə apardığı sistemli, ardıcıl fəaliyyətin əsaslı olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan İrəvana birgəyaşayış, habelə geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, qarşı tərəf azərbaycanlıların bu ölkəyə geriqayıtma hüququnu inkar edir.

Ümumiyyətlə, Azərbaycanın son illərdə deportasiya olunmuş soydaşlarımızın geriyə qayıdışı məsələsini müxtəlif platformalarda qaldırması qarşı tərəfi ciddi narahat edir. Rəsmi İrəvan bu prosesə mane olmaq üçün ənənəvi qarayaxma kampaniyasını işə salmağa, real vəziyyəti təhrif etməyə çalışır. Rəsmi İrəvan yaxşı anlayır ki, Azərbaycanın qaldırdığı məsələ kifayət qədər ciddi fakt və sübutlara söykənir. Tarixi faktlar sübut edir ki, son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, faciə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gerçəkləşdirilən bu qeyri-insani siyasət nəticəsində azərbaycanlılar Ermənistandan – yaşadıqları doğma tarixi-etnik torpaqlarından didərgin salınıb, kütləvi qırğınlara məruz qalıb.

Qeyd edilən kontekstdə qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışının təmini məsələsi keyfiyyətcə yeni mərhələdə Azərbaycanda milli ideya səviyyəli məsələyə çevrilib, strateji xarakter kəsb edən bu məsələ orta və uzunmüddətli hədəflərə hesablanıb. Dekabrın 2-də Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmə zamanı qeyd edildiyi kimi, məqsəd Ermənistandan zorla qovulmuş azərbaycanlıların tarixi məskənlərinə qayıtmaq və yaşamaq hüququnun dünya dövlətləri, xüsusilə də rəsmi İrəvan tərəfindən tanınmasına nail olmaqdır. Bu istiqamətdə aparılan sistemli fəaliyyət, ilk növbədə, beynəlxalq ictimaiyyətin münaqişənin tarixi, yaranma səbəbləri, ermənilərin məhz qonşu ölkələrin ərazilərinin ilhaqı bahasına özlərinə dövlət yaratmaları barədə məlumatlandırılmasına xidmət edir. Ermənistanın tarixən yol verdiyi deportasiya və soyqırımı cinayətləri ilə əlaqədar hüquqi mexanizmlərin işə salınması da gündəlikdə olan məsələlərdəndir.

Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlıların öz yurdlarına qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və irqi ayrı-seçkilik vəziyyətinin davam etdiyini göstərməklə yanaşı, regionda davamlı sülhün bərqərar olunmasına mane olur.

MTM Analitik Qrup

Seçilən
38
heftelik.az

1Mənbələr