Bu il noyabrın 1-nə Azərbaycan banklarının biznes krediti portfeli illik müqayisədə 19,4 % çox - 19,4 milyard manat təşkil edib.
Bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
"Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin məbləğindəki artım isə ümumi kredit portfelindəki artımı da üstələyərək 21 % olub", - deyə o qeyd edib.
Bankların biznes krediti portfelinin 20 %-ə yaxın artmasına səbəb nədir?
İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, buna səbəb kredit faizlərinin nisbətən əlçatan olmasıdır:
“Əgər banklar kredit faizlərini 8-9 faizə qədər aşağı endirərsə, ölkəmizin mövcud iqtisadiyyatı daha sürətlə inkişaf edər. Belə ki, aşağı faizlə nəzərdə tutulan biznes kreditlərinin faizini aşağı endirərsə, biznes kredit portfeli 20 yox, 50 faiz arta bilər. Həmçinin ölkəmizdə kredit axtaran subyektlər var. Onlara da zəruri güzəştlər tətbiq olunsa, kredit portfelinin faizləri daha da artar”.
Ekspert hesab edir ki, kredit portfelinin böyüməsinə əsas səbəb bank sektorundakı yumşalmalardır:
“Son bir il ərzində ölkəmizdə kredit faiz dərəcələri nisbətən daha əlçatan olub. Buna görə də kredit istifadəçilərinin sayı artır. Biznes mühitinin yaranması üçün stimullar da kredit istifadəçilərinin sayına müsbət təsir edir. Düşünürəm ki, dövlət bu tendensiyanı davam etdirsə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edə bilər”.
O qeyd edib ki, yerli bankların inkişafı üçün Mərkəzi Bank tərəfindən aşağı faizlər təklif oluna bilər:
“Ölkəmizdə bankların büdcəsinin 60-70 faizi depozitlər hesabına formalaşır.
Bank depozit yerləşdirən əmanətçilərə illik 8-9, 12 faizə qədər ödəniş edir. Vətəndaşlara isə illik 18 və daha artıq faizlə kredit verilir. Lakin Mərkəzi Bank tərəfindən banklara güzəşt olunarsa, onlara daha aşağı faizlə kredit təklif edilərsə, istehlak və biznes kreditləri inkişaf edə bilər. Əgər bunu etmək mümkün deyilsə, heç olmasa kənd təsərrüfatı üçün nəzərdə tutulan kreditlərə şamil olunmalıdır”.