Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Gürcüstanda baş verənlər bu ölkənin daxli işidir. Qaluzin Baltikyanı ölkələrin Gürcüstanda keçirilən aksiyalara görə bu ölkəyə sanksiyaların tətbiq ediləcəyi ilə bağlı bəyanatlara münasibət bildirib. O, baş verənlərin Tbilisinin daxili işi olduğunu və əlavə şərh vermək istəmədiyini bildirib. Qeyd edək ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinin dayandırılmasından sonra ölkədə genişmiqyalı aksiyalar başlayıb. Litva, Latviya və Estoniya etirazları yatıranlara qarşı sanksiyaların tətbiq olunacağını açıqlayıb.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, Gürcüstanda baş verənlər Qərbin Gürcüstanı əldən vermək istəməməsinin nəticəsidir:
“Qərb nəyin bahasına olur olsun çalışır ki, Gürcüstanı itirməsin. Hətta Gürcüstanın “xarici agent”lər haqqında qəbul etdiyi qanundan sonra Qərb tərəfindən ona qarşı kampaniya başlayıb. Hələ parlament seçkiləri baş tutmamış isə seçki nəticələrinə etirazla bağlı Qərbdə atmosfer formalaşdı. Seçkilərdən dərhal sonra da Qərbin Gürcüstanda müxalifəti dəstəklədiyi və küçə inqilabına çalışdığına şahidlik etdik. Parlament seçkilərinin tanınmaması ilə bağlı Qərb tərəfindən verilən açıqlamalar bunun bariz sübutu idi. Gürcüstanda baş verən hadisələr göstərir ki, Qərbin niyyəti rəsmi Tiflisi yenidən öz trayektoriyasına qaytarmaqdır. Qərb istəyir ki, Gürcüstan suveren şəkildə bütövlüyünü icra etməsin və onların tapşırıqlarını yerinə yetirsin. Digər tərəfdən Qərbin niyyəti Ukraynada gedən savaş fonunda Gürcüstanda ikinci cəhbə açmaq idi, lakin bu baş tutmadı. Gürcüstan hakimiyyətini səhvi isə Avropa İttifaqına inteqrasiyası prosesinin dondurulmasıdır. İndiki dövrdə Baş nazir İrakli Kobaxidzenin belə açıqlama verməsinə ehtiyac yox idi. Bu hadisə tamamilə məsuliyyəti Gürcüstanın üzərinə atdı. Hadisələrin bundan sonra necə inkişaf etməsini söyləmək isə çətindir”.