AZ

Ankara Afina ilə dostluğu inkişaf etdirmək istəyir

Ankara Yunanıstanla dostluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş istənilən təşəbbüsləri tam dəstəkləməyə hazırdır. Bunu Türkiyə Prezidenti Administrasiyası yanında Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun Afinada keçirilən Türkiyə-Yunanıstan Media və Akademik Forumunun iştirakçılarına videomüraciətində deyib. Məlumatı “Anadolu” verib. 

“İkitərəfli əlaqələr mədəniyyət və idman nöqteyi-nəzərindən” mövzusunda tədbir Türkşünaslıq Fondu və Yunanıstan Qlobal Münasibətlər İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunub.

Altun forumun dialoqun və qarşılıqlı anlaşmanın dərinləşməsinə, eləcə də iki dost ölkə arasında əməkdaşlığın inkişafına kömək edəcəyinə ümid etdiyini bildirib. O, Ankara və Afinanın daha çox dinləməli və bir-birinin mövqeyi ilə bağlı anlayış göstərməli olduğunu vurğulayıb.

“İki uzun müddətli qonşunu birləşdirən cəhətlər onları ayıran cəhətlərdən daha çoxdur. Müharibələr, gərginliklər və qeyri-qanuni miqrasiya kimi risklərlə üzləşən bölgəmizdə daha sıx dialoqun qurulması xüsusilə vacibdir. Bu şəraitdə bu, sadəcə olaraq, bir istək deyil, eyni coğrafiyadan olan iki qonşu ölkənin öhdəliyidir”, - deyə idarə rəisi izah edib.

P.ƏMİRCANOV
XQ

 

 

Seçilən
6
xalqqazeti.az

1Mənbələr