AZ

"Bizim borcumuz birinci olmaq, Çempionlar Liqasına getməkdir"

«Builki məqsədimiz çempionluq uğrunda mübarizə aparmaqdır».

«Baku Fire»ın baş məşqçisi Teymur Eyvazov Sportinfo.az-a açıqlamasında belə deyib.

Futzal üzrə Yüksək Liqada ilk dövrəyə yekun vurulub. Çempionatın birinci bölümü sürprizə qucaq açıb.

Bütün rəqiblərinə qalib gələn «Baku Fire» maksimum nəticəylə turnir cədvəlində liderliyə yüksəlib. Komandanın çalışdırıcı bu iddialarını sonadək davam etdirmək istədiklərini bildirib:

«Son turda «Neftçi»ni 8:5 udduq. Çox yaxşı oynadıq.

Komandamız qalib gəlmək üçün hər cəhətdən hazır idi. Təbii ki, oyunçularımın meydanda göstərdiyi əzmkarlıq qələbənin əsas hissəsidir.

İstəyimiz çox idi, çünki qazanacağımız 3 xal bizi turnir cədvəlinin şəriksiz lideri edirdi. Həm biz «Neftçi»ni, həm də «Neftçi» bizi yaxşı tanıyır.

Bir-birimizin oyununa bələdik. Bu oyunda da istəyimiz mümkün qədər səhvsiz oynayıb, onların taktiki planlarını pozmaq idi. bunu da edə bildik.

Oyunun əvvəlində pressinqdən istifadə edib, ilk qolumuzu vurduq. Birinci hissənin sonlarında 10 metrəlik cərimə zərbəsini qola çevirə bilmədik.

Əgər penaltini vura bilsəydik, hesab 5:2 olacaqdı və işimiz daha rahat olacaqdı. İkinci hissədə geriye düşsək də, oyunun nizam-intizamı itmədi.

Ümumiyyətlə, oyun çox yaxşı keçdi. Her iki komanda yüksək dinamika ilə bir-birinə qarşı yüksək təzyiq elədi.

Bu da millidə oynayan futzalçılarımızın ustalıq səviyyəsini artırmaq üçün yaxşı imkan verən praktikadır.

Növbəti turda «Araz»a qarşı çox ağır oyun keçirəcəyik. Klubumuzun rəhbərliyinin bizdən gözləntiləri çoxdur.

Çünki komandaya normal şərait yaradılıb. Bizim də borcumuz bunun qarşılığını verib, birinci olmaq, Çempionlar Liqasına getməkdir».

Seçilən
27
sportinfo.az

1Mənbələr