AZ

Şolts Kiyevə hansı təkliflərlə səfər edib? (ŞƏRH)

"Olaf Şolts öz siyasi məqsədlərini təmin etmək üçün Kiyevə səfər edib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Almaniya kansleri Olaf Şoltsun Ukraynaya gözlənilməz səfərini şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Almaniyada Olaf Şoltsın rəhbəri olduğu koalisiya hökuməti dağılıb. Qarşıdan gələn seçkilərdə də Xristian-demokratların qalib gəlmə şansı daha yüksəkdir:

"Bu isə Olaf Şoltsu narahat edir. Ona görə də hakimiyyəti saxlamaq üçün çalışır ki, nəsə etsin. Bu fonda nəsə edə bildiyi sahələrdən biri də Ukrayna məsələsidir. Daha doğrusu, Ukrayna ilə bağlı sülh istiqamətində addım atılması məsələsidir. Ona görə də noyabrın ortalarında zəng edərək Putinlə danışıb. İndi də Zelenski ilə danışmaq üçün Kiyevə gəlib. Bu yolla Olaf Şolts Almaniyanın Rusiya-Ukrayna müharibəsindəki vasitəçilik rolunu artırmaq istəyir. Yəni Olaf Şoltsın Kiyevə səfəri öz siyasi məqsədlərinin təmin edilməsinə hesablanıb".
 


Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts son 2,5 ildə ilk dəfə Ukraynaya səfər edib. Burada o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Bildirilir ki, Olaf Şolts Kiyevə qatarla gəlib. Onun səfəri təhlükəsizlik səbəbindən əvvəlcədən elan olunmayıb. Səfər ərəfəsində isə Almaniya kansleri dekabrda Berlinin Ukraynaya 650 milyon avro dəyərində  silah tədarük edəcəyini açıqlayıb. 

Olaf Şolts Ukraynaya Rusiya prezidenti Vladimir Putinlə noyabrın 15-də telefon danışığından sonra gəlib. Almaniya kansleri Volodimir Zelenski ilə birgə mətbuat konfranslnda Vladimir Putinlə son telefon danışığının təfərrüatlarını açıqlayıb: "Mən Putinlə aydın və açıq danışdım. Çünki o, müharibə aparan tərəfdir. Açıq danışmaq lazım idi. Bir çox məsələlərdə fikir ayrılığımız olub. Söhbət əsnasında başa düşdüm ki, Rusiya lideri bu barədə müharibə başlamazdan iki il əvvəl bilirmiş.

Bu dəfə mən ona başa saldım ki, Ukrayna müstəqil, suveren dövlət olmaq hüququna malikdir və Avropa İttifaqının bir hissəsi olmaq istəyib-istəməməsinə özü qərar verir. Ukraynanın öz ordusu var və tam müstəqilliyə nail ola bilər. Bu o deməkdir ki, Rusiya müharibəni dayandırmalı və qoşunlarını çıxarmalıdır. Amma təəssüflər olsun ki, onunla fikir ayrılıqlarımız var".

Rüfət Sultan

Seçilən
28
50
qaynarinfo.az

10Mənbələr