PSJ Çempionlar Liqasındakı uğursuzluqlar mənzərəsində ispan mütəxəssis Luis Enrikenin klubdakı gələcəyi ilə bağlı qərar verib.
Arena.az jurnalist Loik Tanziyə istinadən məlmat verir ki, Fransa nəhənginin rəhbərliyi son vaxrlar ispan mütəxəssisin qovulacağı haqda dolaşan xoşagəlməz şayiələrə rəğmən, Luis Enrikeni PSJ-nin baş məşqçisi vəzifəsndə tam dəstəkləyir.
Klub əvvəlki illərdə yol verdiyi səhvlərini təkrarlamaq istəmir və məşqçi dəyişikliyi haqda söhbəti birdəfəlik istisna edir. Üstəlik, PSJ məşqçinin istəyi ilə qarşıdakı qış transfer pəncərəsində heyəti gücləndirmək niyyətindədir.
Vurğulanır ki, PSJ rəhbərliyi komandanın gələcəyinə strateji baxış nöqteyi-nəzərindən yanaşır. PSJ bir komanda olaraq ilk növbədə öz çıxış dəsti-xətti təsis etməli, oyun üslubunu tapmalı və futbol keyfiyyətini ortaya qoymalıdır. Rəhbərlik məhz bu tərəqqi xətti üzrə gələcəkdə uğurlu nəticələrin əldə ediləcəyinə qoyuluş edir.
Fransa Liqa 1-in 13 turundan sonra 33 xal toplamış PSJ yarış cədvəlinin zirvəsində qərarlaşıb. Paris klubu ən yaxın izləyiciləri – Marsel “Olimpik”i və “Monako”nu (hər biri 26 xal) 7 xal qabaqlayır.
Buna rəğmən, Fransa nəhənginin Çempionlar Liqasında vəziyyəti ürəkaçan deyil. Mötəbər yarışın Liqa mərhələsinin ilk 5 turundan sonra 4 xal toplamış PSJ yarış cədvəlinin 25-ci pilləsində qərarlaşıb ki, bu mənzərə Paris klubunun yarışın növbəti, ələmə mərhələsindən kənarda qalmasını şərtləndirir. PSJ ələmə mərhələsinə birbaşa çıxacaq ilk səkkizliyə düşmək imkanını artıq itirib. Ələmə mərhələsinin başa-baş oyunlarına vəsiqə üçün isə PSJ-ni qarşıdakı 3 oyunda ciddi sınaq gözləyir.