AZ

Təhsilin müxtəlif pillələri üzrə yeni ixtisaslar yaradılıb

İxtisasların təsnifatı magistratura və rezidentura səviyyələri üzrə 2011-ci ildə, bakalavriat səviyyəsi üzrə isə 2019-cu ildə təsdiqlənib. 2019-cu ildə bakalavriat səviyyəsi üzrə təsdiqlənmiş təsnifata əsasən qəbul olan tələbələrin məzun olduqda təhsillərini davam etdirmələri üçün magistratura səviyyəsində də təsnifatın uyğulaşdırılması zərurəti yaranıb.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, bu səbəbdən müxtəlif səviyyələr üzrə ixtisasların cari təsnifatını yenidən işləyərək vahid qərarda təsdiqləmə zərurəti yaranıb: “Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunub və təsnifatların cədvəlləri təsdiq edilib. Təsdiq edilən təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas - “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” təsnifata əlavə olunub. Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib”.

İdris İsayev bildirib ki, magistratura və rezidentura səviyyələrində ixtisaslaşmaların siyahısında əmək bazarının tələbələrinə uyğun daha çevik dəyişikliklər etmək məqsədilə hər bir ixtisasa aid olan ixtisaslaşmalar təsnifatdan çıxarılıb və yeni təsnifat yalnız ixtisaslar üzrə tərtib edilib: “Məhz bu səbəbdən təsnifatların təsdiqindən irəli gələrək Nazirlər Kabinetinin bir neçə qərarında, o cümlədən “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”nda, “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nda müəyyən dəyişiklik edilib.

Dəyişikliyə əsasən rezidentura və magistratura səviyyələrində hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunacaq. Digər yenilik isə magistratura səviyyəsi üzrə təsnifatda təhsil ixtisaslarının bir ixtisas (“Pedaqogika”) altında ixtisaslaşma olaraq verilməsidir.

“Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda isə 21 ixtisas ləğv edilib, 8 yeni ixtisas təsnifata əlavə olunub və 8 ixtisasın adı dəyişdirilib”.

Seçilən
18
4
xezerxeber.az

3Mənbələr