Cəmiyyət inkişaf etdikcə tələbatları da, ehtiyacı olan məfhumlar da dəyişir, yenilənir. Bu gün cəmiyyətin, xüsusən də gənc nəslin maraqlarını təmin edən elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının mövcudluğu, onların səviyyəsinin yüksək olması əsas şərtlərdən biridir.
Eyni zamanda o proqramların məzmunun müasirliyi, zənginliyi, həyatımızın bir parçası olan innovasiyalarla uzlaşdırılması çox vacibdir. Bizim üçün çox vacib olan və cəmiyyəti inkişaf etdirən bu sahələr üzrə proqramlar söz yox ki, diqqət mərkəzindədir. Aidiyyəti qurumlar elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması sahəsində töhfələr verirlər. Çünki bu vacib sahələrdə qəbul olunan proqramlar ölkəmizin elm, təhsil, mədəniyyət və sair sahələrində inkişafa səbəb olur və dövlətin özünün də mənəvi, ideloji cəhətdən güclənməsinə səbəb olur. Dövlətin güclü olmasında əsas amillərdən biri məhz, elm, təhsil, mədəniyyət, maarifçilik məsələsidir ki, bu ideoloji xətt kimi özünü göstərir.
Bu sahədə islahatlara hər zaman ehtiyac var...
Azərbaycanda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının səviyyəsi qənaətbəxşdirmi? Bu sahədə islahatlara, yeniliklərə ehtiyac varmı? Müasir innovasiyalardan bu istiqamətdə necə istifadə olunur? Müasir kütləvi proqramlar və innovasiyalar necə uzlaşdırılır?
Ekspertlər hesab edirlər ki, bu istiqamətdə əsaslı işlər görülür, amma bu işlərin daim davam etdirilməsinə, proqramların sürətlə yenilənməsinə zərurət böyükdür. Dünya hər an inkişaf edir, ortaya yeni texnologiyalar, yeni innovativ yanaşmalar çıxır və bu baxımdan məlum sahələrdə olan proqramlar da innovasiyalarla uyğunlaşdırılmalıdır. Azərbaycanda bu sahələrin genişləndirilməsi üçün kifayət qədər potensialın olduğunu deyən ekspertlərə görə, daha ciddi addımlar atmağımız üçün şərait də var. Bəzi ekspertlər hesab edir ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi bu gün çox zəruridir. Bəzilərinin fikrincə, yanaşmalar dəyişməli və o proqramların cəmiyyətdə populyarlaşması üçün yeni üsullardan istifadə olunmalıdır.
Bir sıra ekspertlərə görə, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətə mühüm rol oynayır. Bu baxımdan bu yöndə daim inkişaf və yenilənmə olmalıdır ki, insanlar davamlı olaraq məzmun yenilikləri ilə tanış olsunlar.
“Biz yeni yanaşmaların tətbiqində maraqlı olmalıyıq”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları hazırlanır: “Bununla bağlı Elm və Təhsil Nazirliyinin bir çox layihələri mövcuddur. Əslində, bu layihələr ümumlikdə yeni nəslin, gənc nəslin elmə həvəsləndirilməsi, onların bütövlükdə bilik səviyyəsinin, peşəkarlığının artırılmasına, yeni biliklər əldə etməsinə hədəflənib. Eyni zamanda burada bir neçə aidiyyəti qurumların birgə təşəbbüsü ilə bu cür müxtəlif proqramlar hazırlanır. Rəqəmsal İnkişaf və Rəqəmsal Texnologiyalar Nazirliyi, Elm və Təhsil Nazirliyi, eyni zamanda bizim milli televiziyalarda bu kimi proqramlar nümayiş etdirilir, müxtəlif intellektual yarışlar keçirilir. Hesab edirəm ki, eyni zamanda burda çox vacib məqamlardan biri gənclərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli dəyərlərə hörmət hissinin aşılanması, milli-mənəvi dəyərlərin qorunması və onun təbliği yer alır. Fikrimcə, bu istiqamətdə yeniliklərin tətbiq edilməsi hər zaman lazımdır. Biz yeni yanaşmaların tətbiqində maraqlı olmalıyıq”.
Bu proqramların hazırlanmasında və təqdim edilməsində innovasiyalardan istifadəyə gəlincə, İ.Orucovun fikrincə, innovasiyalar və yeniliklər qaçılmazdır: “Bu kimi proqramlarda da mütləq şəkildə yeniliyə, innovasiyalara açıq olmaq və eyni zamanda müasir elmi nailiyyətlərin təbliği çox vacibdir. Əlbəttə ki, bu yöndə yeniliklərin tətbiqinə daim zərurət var”.
Ekspertin də vurğuladığı kimi, bu gün ölkəmizdə müxtəlif dövlət qurumları bu sahəyə öz töhfəsini verir və elmi-kütləvi, təhsil, mədəni-maarif proqramlarının hazırlanmasını həyata keçirir. Təbii ki, bu proqramların cəmiyyətə daha sürətlə və peşəkar səviyyədə çatdırılması üçün maarifçilik işinə də ciddi ehtiyac duyulur. Əlbbətə, burda KİV-lərin, xüsusən də televizyaların rolu mütləqdir.
Tutatlım, Elm və Təhsil Nazirliyinin, yaxud Mədəniyyət Nazirliyinin, AMEA-nın bu istiqamətdə hazırladığı proqramların məzmunu, hədəfi, məqsədi TV-lərdəki maarifləndirici, informasiya tutumlu verilişlərlə tamaşaçıya-cəmiyyətə daha operativ şəkildə çatdırıla bilər.
Vaxtilə yerli televiziyalarda maarifləndirici, elmi-kütləvi proqramların hazırlandığını, özü də yüksək peşəkarlıqla ərsəyə gətirildiyini müşahidə edirdik. O o dövrün texnoloji yeniliklərinə uyğun şəkildə hazırlanıb təqdim edilirdi. Bu gün isə o proqarmların təqdimatı üçün yeni üsullar mövcuddur. Ekspertlərə görə, ölkəmizdə internet şəbəkəsinin mövcudluğu, sürətliliyi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün geniş spektrdə imkanlar açıb.
Təhsil ekspereti Kamran Əsədovun fikrincə, ölkəmizin mövcud imkanları bu proqramların daha geniş, daha əhatəli yayılması üçün əsaslı zəmin yaradır. “Şübhə yoxdur ki, həmin proqramların daha da geniş şəkldə canlandırılmasında internet resurslarının rolu danılmazdır. Əlbəttə ki, elmin, mədəniyyətin təbliğinə televiziyalarda xüsusi yer ayırmalı və şou proqramların yerinə maarifçilik əhəmiyyətli kütləvi xarakter daşıyan proqramlar hazırlanmalı və əhaliyə təqdim olunmalıdır”-deyə ekspert bildirib.
Çağdaş dövrdə mövcud imkanlara nəzər saldıqda və görülən işləri təhlil etdikdə belə qənaətə gəlmək olur ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması, təqdim edilməsi prosesi innovasiyalardan kənarda baş vermir, bu işdə innovativ yenliklərdən, texnoloji imkanlardan xüsusi istifadə edilir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.