Səhiyyə Nazirliyində Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə, həmçinin Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama və digər rəsmilər iştirak ediblər.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunaraq, tibb sahəsində də əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Nazirin sözlərinə görə, bu istiqamətdə əməkdaşlıq beynəlxalq müstəvidə - Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilir.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Öz növbəsində Karlos Pinto Pereira Qvineya-Bisaunun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Qvineya-Bisau və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətləri müsbət dinamika ilə inkişaf edir”.
Görüşdə, həmçinin Qvineya-Bisaudan olan tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək verilməsi və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.