Qasım Hacıyev: “O heykəlin Gəncədən rədd edilməsi tamamilə doğru addım idi”
Marşal Baqramyanın nəvəsi İvan Baqramyan “Rusiya-Ermənistan” ikinci ictimai forumu çərçivəsində erməni mediasına müsahibəsində ernəni xislətinə xas formada bir sıra açıqlamalar verib. O bildirib ki, Qarabağ münaqişəsinin qızışdığı 1988-ci ildə Kirovabadda (indiki Gəncə) babası İvan Baqramyanın büstü sökülüb:
“Sovet dövründə Kirovabadda (Azərbaycan) vağzal meydanında Baqramyanın büstü qoyulmuşdu və erməni-azərbaycan iğtişaşları başlayanda gənclər yük maşınına minərək bu büstü zəncirlə bükmüşdülər və o vaxtdan bu büstü heç kim görməyib. Təəssüf ki, Rusiyada heç bir mətbuat orqanı bu barədə danışmayıb. Biz daim eşidirik ki, Ukraynada və Şərqi Avropa ölkələrində hər şey dağıdılır. Ancaq Azərbaycanda baş verənləri, təəssüf ki, biz eşitmirik”.
Baqramyan Böyük Vətən müharibəsinə belə hörmət edirsə, o zaman bəs nə əcəb demir ki, marşal babasının uğrunda öldüyü SSRİ-yə xəyanət edən faşist Qaregin Njdenin heykəli İrəvanda qoyulub? Faşistlərə xidmət edən digər ermənilərin adlarının əbədiləşdirilməsinə bəs niyə reaksiya vermir? Ermənistanda, İrəvanda bir dənə azərbaycanlılara aid heykəl, abidə qalıbmı? Onlara aid izləri siliblər. O baxımdan Gəncənin Baqramyana nə aidiyyəti var? Ən azından o, Gəncədə doğulmayıb və heykəlini sökməklə düz ediblər. Nəzərə almaq lazımdır ki, bu, ermənilərə 1988-ci ildə törətdikləri əməllərə görə bir cavab idi. Belə obyektivsənsə, o zaman niyə bir dəfə gedib İrəvanda faşistlərə xidmət edənlərin adının əbədiləşdirilməsinə etiraz etmirsən?
“İrəvan ətrafında 100-dən artıq məscidi, çoxsaylı abidələri, məzarlıqları, sarayları, türbələri yer üzündən siliblər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev də bildirdi ki, Baqramyanın Gəncə ilə heç bir əlaqəsi yoxdur: “İkincisi, Baqramyanın nəvəsi yaxşı bilir ki, ötən əsrin əvvəllərində Gəncədə yerləşən ermənilər Azərbaycanı erməni qırğınından xilas etməyə gələn Nuru Paşanın dəstəsinə gecə hücum edib nə qədər günahsız əsgəri öldürüblər. O vaxtdan ermənilər Gəncədən qovulmalı idilər. Yoxsa Baqramyana heykəl qoymaq doğru deyildi. O üzdən, o heykəlin Gəncədən rədd edilməsi tamamilə doğru addım idi. Dərindən araşdıranda məlum olur ki, İkinci Dünya müharibəsində yüksək rütbə alan ermənilərin heç biri SSRİ-yə xidmət etməyib. Onlar yaxşı xidmətə görə yox, satqınlığa və xəyanətə görə rütbə alıblar. Azərbaycanlılara və digərlərinə xəyanət etdiklərinə görə onlar, hətta cəzalandırılmalıydılar. SSRİ dağılandan sonra bunlar vətənə xəyanət edən, faşistlərə xidmət edən ermənilərə heykəl qoydular. Bunların da başında faşist Njde gəlir. Ermənilərdə utanan üz yoxdu. Ortada çox ciddi faktlar ola-ola, bunu görməzdən gəlirlər və cəfəng məsələlərdən danışırlar. İrəvan ətrafında 100-dən artıq məscidi, çoxsaylı abidələri, məzarlıqları, sarayları, türbələri dağıdıb yer üzündən siliblər. Bütün bunları nə tez unutdular? Bütün bunlardan sonra Baqramyanın heykəlindən danışmaq biabırçılıqdır”.
Vidadi ORDAHALLI