Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev Dövlət Duması sədrinin müavini, Azərbaycan Respublikasının Parlamenti ilə əlaqələr üzrə deputatlar qrupunun kuratoru Aleksey Qordeyev ilə görüşüb.
APA-nın Moskva müxbiri xəbər verir ki,görüş zamanı müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsində ikitərəfli münasibətlərin aktual məsələlərinə, o cümlədən Azərbaycan-Rusiya parlamentlərarası təmasların intensivləşdirilməsinə toxunulub.
Tərəflər Bakıda uğurla başa çatmış BMT-nin İqlim dəyişkiliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransına (COP29) xüsusi diqqət yetiriblər. Bu kontekstdə Rusiya tərəfi tədbirin yüksək səviyyədə təşkilini qeyd edib və göstərilən qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını bildirib.
Görüşdə hər iki tərəfin parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, onun praktiki məzmunla doldurulması istiqamətində birgə fəaliyyəti davam etdirmək niyyəti təsdiqlənib.