AZ

Tramp Ukraynanı yox etmək qərarı verib, qorxunc "plan"ın gizli detalları məlum oldu: Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək və...

Tramp administrasiyası "Kelloq planı" ilə Ukrayna dövlətçiliyini müəyyən mənada, "dəfn" etmək niyyətindədir... Ağ Evin yeni sahibi, əslində, ədalətli sülh barədə deyil, Rusiyanın maraqlarını təmin etməklə, Ukrayna savaşını dayandırmağı düşünür...

Ukrayna savaşının gələcək inkişaf istiqamətləri indi kifayət qədər ciddi mübahisə və müzakirələrə yol açmağa başlayıb. Hər halda, hazırda bu savaşın növbəti mərhələdə doğura biləcəyi nəticələr müəmmalı xarakter daşıyır. Üstəlik, Ukrayna savaşına və Rusiya ilə münasibətlərin necə olacağına yönəlik də ümumi yekdil mövqe mövcud deyil. Və bu baxımdan, kollektiv Qərbin hazırda olduqca taleyüklü strateji seçim qarşısında olduğu qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, mövcud situasiya Ukraynanın bir dövlət olaraq, gələcək taleyini böyük risk altında buraxır. Hər halda, bu ölkənin gələcək taleyi barədə də yekdil mövqe və təsəvvürlər mövcud deyil. Bəzi Qərb siyasi dairələri Ukraynanın ərazi bütövlüyünün təmin edilməsinə qədər rəsmi Kiyevə hər cür dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayırlar. Digər tərəfdən isə Ukraynanın bir neçə yerə parçalanması, hətta ümumiyyətlə, xəritədən silinməsi barədə də ehtimallar dövriyyəyə buraxılıb. Və bütün bunlar Ukrayna üçün əsl fəlakət ssenarisinin hələ irəlidə olduğunu göstərir.

30159778-cc9d-4dbf-ac41-d1ed809c3e1f.jpg

Maraqlıdır ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna savaşı ilə bağlı Qərbdə heç kimin açıq mətnlə dilə gətirmədiyi bəzi önəmli məqamları açıqlayıb. Keçmiş baş nazir bildirib ki, Ukrayna savaşı ABŞ və kollektiv Qərbin Rusiyaya qarşı "proxy war" modelində apardığı müharibədir. Qərb siyasi dairələri bu savaş sayəsində Rusiyanın ciddi şəkildə zəiflədikərək, küncə sıxışdırılmasını hədələyiblər. Və ən pisi də ondan ibarətdir ki, Qərb ölkələri bu savaşda Ukraynaya yetərincə dəstək verməyə həvəsli deyillər, hətta rəsmi Kiyevi Rusiya ilə müharibədə təkbaşına buraxmağa belə hazırdırlar.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun dedikləri əslində, Ukrayna üçün Rusiya ilə ən qısa zamanda sülh danışıqlarına başlamağın vacibliyini də göstərir. Yəni, rəsmi Kiyevin hələ ABŞ və Qərbin Ukraynaya Rusiya ilə savaşın sonuna qədər dəstək verəcəyinə ümid bəsləməsi reallıqdan uzaqdır. Və Zelenski hakimiyyətini təmsil edən bəzi siyasətçilərin Ukraynanın Rusiya ilə sülh danışıqlarında müəyyən önəmli ərazi itkilərinə məruz qala biləcəyini vurğulaması da situasiyanın həddindən artıq qəliz olduğunu təsdiqləyir.

Bəzi məlumatlara görə, hazırda Qərb tərəfindən Zelenski hakimiyyətinə sülh danışıqları ilə bağlı konkret addımların atılması qadağan edilib. Eyni zamanda, rəsmi Kiyevə tapşırılıb ki, Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına rəsmən başlayacağı günə qədər Ukrayna ordusu Rusiyanın Kursk bölgəsində ələ keçirdiyi ərazilərin heç olmasa, müəyyən hissəsinə nəzarəti qorumağa çalışmalıdır. Və əgər, buna nail olunarsa, Tramp administrasiyasının Ukrayna əraziləri hesabına "sülh planı"nda müəyyən düzəlişlər mümkün ola bilər.

tramp-zelen.JPG

Onu da qeyd etmək lazımdır ki, Qərbdə rəsmi Kiyevin Ukraynanın NATO-ya rəsmi üzvlüyünə alternativ xarakter daşıyan bütün təhlükəsizlik təminatı variantlarına etiraz etməsi ciddi narazılıq doğurur. Rəsmi Kiyev bu barədə müzakirələrdə yalnız NATO-ya üzvlük qarşılığında atəşkəsə razı olduğunu bildirir. Və bu, Qərb siyasi dairələri tərəfindən pozitiv yanaşma hesab olunmur.

NATO-nun baş katibi Mark Rütte bildirib ki, Ukraynanın bu quruma üzvlüyü hazırda ikinci dərəcəli məsələdir. Onun fikrincə, indi əsas məsələ rəsmi Kiyev sülh danışıqlarına başlayarkən, Ukraynanın hərbi potensialının Rusiyaya təzyiq üçün yetərli olub-olmayacağı barədə daha aydın təsəvvürlərin yaranmasıdır. Çünki əks halda, "sülh masa"sında Rusiya özünü daha inamlı hiss edə bilər. Və bu, Ukraynanın ərazi itkilərinin əhatə dairəsini genişləndirə biləcək neqativ faktordur.

Digər tərəfdən, məlum olub ki, Ukraynanın yaxın vaxtlarda Rusiya ilə sülh danışıqlarına başlaması artıq qaçılmaz prosesdir. Çünki Tramp administrasiyasının Ukrayna savaşını dayandırmaq üçün hazırladığı fəaliyyət planı ən incə detallarına qədər ortaya çıxıb. "Kelloq planı" adlanan sənəd bu ilin aprel ayında - ABŞ-da keçirilən prezident seçkilərindən xeyli əvvəl hazırlanıb. Həmin sənədin müəllifi olan Kelloq ABŞ prezidenti Donald Tramp tərəfindən Ağ Evin Ukrayna üzrə xüsusi təmsilçisi təyin edilib. Və bu, "Kelloq planı"nın Tramp administrasiyası üçün tamamilə aktual olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, məzmununa diqqət yetirdikdə "Kelloq planı"nın Ukrayna üçün əsl fəlakət ssenarisinə çevrilə biləcəyini anlamaq o qədər də çətin deyil. Belə ki, həmin plana görə, Rusiyanın izolyasiya prosesinin dayandırılması, Kremllə diplomatik münasibətlərin bərpası, prezident Vladimir Putinin beynəlxalq cinayətkar kimi təqdim olunmasından imtina nəzərdə tutulur. Eyni zamanda, həm Ukraynaya, həm də Rusiyaya sülh danışıqlarının başlanması məqsədilə təzyiq göstərilməsi planlaşdırılır.

tramp-ukrayna-rusiya.JPG

Kremli sülh danışıqlarına stimullaşdırmaq üçün Rusiyaya sərfəli güzəştlərin olunması da nəzərdə tutulub. Belə ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı proses yaxın 10 il ərzində dondurulacaq. Rusiyaya işğal etdiyi Ukrayna ərazisilərini öz nəzarətində saxlamaq imkanı veriləcək. Kreml Ukrayna ilə sülh sazişi imzalayarsa, tədricən Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalar ləğv ediləcək və ABŞ-la münasibətlərin bərpası mümkün olacaq.

Ukraynaya gəldikdə isə Tramp administrasiyası sülh sazişinin imzalanacağı təqdirdə, rəsmi Kiyevə ikitərəfli təhlükəsizlik təminatı vermək və hərbi yardımları davam etdirmək niyyətindədir. Rəsmi Kiyev Rusiyanın nəzarətində qalacaq ərazilərin itirildiyini etiraf etməyə məcbur olunmayacaq, ancaq yaranacaq situasiyanı hərbi güc vasitəsilə dəyişməyə cəhd göstərilməyəcəyi barədə öhdəlik götürməli olacaq. Və əgər, rəsmi Kiyev Ağ Evin "sülh planı" əsasında aparılacaq danışıqlardan imtina edərsə, yaxud onu qəlizləşdirməyə çalışarsa, ABŞ dərhal Ukraynaya hərbi yardımları tamamilə dayandıracaq.

Belə anlaşılır ki, Tramp administrasiyası "Kelloq planı" ilə Ukrayna dövlətçiliyini müəyyən mənada, "dəfn" etmək niyyətindədir. Çünki bu plan heç bir maddəsi üzrə Ukraynaya yaxşı heç nə vəd etmir. Əksinə, rəsmi Kiyevə qarşı zorakı təzyiqlərlə Rusiyanın Ukrayna ərazisilərini işğal etməsini hər kəsə qəbul etdirilməsi nəzərdə tutulur. Və bu, onu göstərir ki, Tramp administrasiyası əslində, ədalətli sülh barədə deyil, daha çox Rusiyanın maraqlarını təmin etməklə, Ukrayna savaşını dayandırmağı düşünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
61
50
musavat.com

10Mənbələr