"Əsədin devrilməsi ilə İranın bölgəyə təsir imkanları da daraldacaq. Ona görə də İran maksimum dərəcədə çalışacaq ki, Suriyanın heç olmasa müəyyən hissəsində öz təsir dairəsini saxlaya bilsin".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Bəşər Əsədin devrilməsinin Rusiya və İrana təsirlərindən danışarkən deyib.
Azər Hüseynov bildirib ki, hazırda Rusiyanın əsas maraq dairəsi Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionlarıdır:
"Ona görə də Kreml indilikdə əsas diqqəti məhz bu regionlara yönəldib. Onun üçün önəmlisi bu regionlarda mövqelərinin qorunmasdır. Yaxın Şərq isə onun üçün situativ bir məkandır. Siqnallar var ki, Tramp adminstrasiyası Kiyevə status-kvonun saxlanması şərtilə atəşkəs təklif edir. Rusiya Trampın səlahiyyətlərə başlaması ilə Vaşinqtondan Ukrayna məsələsilə bağlı zəmanət aldıqdan sonra Bəşər Əsədin arxasından çəkiləcək. Rusiya Suriyadan çəkilsə də, uduşsuz da çıxmayacaq, əsas məkan hesab etdiyi Ukraynada özünün maraqlarını təmin edəcək".
Ekspert qeyd edib ki, Əsədin devrilməsi fonunda bunun bölgədə əsas təsiri İrana dəyəcək:
"Çünki İran Suriya vasitəsilə Livanda "Hizbullah"ı silahlandırır. Əsədin olmadığı şəraitdə isə İranın "Hizbullah"ı silahlandırmasında çətinlik yaşanacaq. Əsədin devrilməsi ilə İranın bölgəyə təsir imkanları da daraldacaq. Ona görə də İran maksimum dərəcədə çalışacaq ki, Suriyanın heç olmasa müəyyən hissəsində öz təsir dairəsini saxlaya bilsin".
Suriyada Türkiyə ilə Rusiyanın toqquşma ehtimalına gəldikdə isə, hömsöhbətimizin fikrincə, bu ehtimal olduqca azdır:
"Çünki Rusiya özü üçün əlavə ikinci cəbhə açmaqda maraqlı deyil. Ancaq Trampın Ağ Evə gəlişi fonunda Moskva ilə münasibətləri yaxşılaşdıracağı təqdirdə, Rusiyanın yanında Türkiyənin əhəmiyyəti azalacaq".
Qeyd edək ki, Suriya müxalifətinin Hələb və ətraf əraziləri Əsəd rejimindən azad etməsilə rəsmi Dəməşqin vəziyyəti xeyli kəskinləşib. Hətta Rusiya və Suriya aviasiyasının müxalifətin mövqelərini bombalaması da hələlik nəticə vermir. Vəziyyətin belə davam etməsi Bəşər Əsədin hakimiyyətdən getməsini də tezləşdirə bilər. Bunun baş verməsi isə istər-istəməz Rusiya və İranın maraqlarına tərs mütənasibdir.
Rüfət Sultan