Bu gün Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, prosesə hakim Vüsal Tağıyev sədrlik edib.
Ötən prosesdə hakim Ağadadaş Ağayevə baş vermiş hadisə ilə bağlı ifadə verməsini təklif edib. Ağadadaş Ağayev ifadə vermək istəmədiyini, özünü pis hiss etdiyini deyib. Bu səbəbdən proses təxirə salınıb. Bu gün məhkəmə prosesi Ağadadaş Ağayevin ifadə verməsi ilə davam etdirilib.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb. Bu şəxslər “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur. Ötən prosesdə təqsirləndirilən Ağadadaş Ağayevin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra onun müqavilə əsasında vəkili Asim Abdullayev olduğu müəyyən edilib. Ağadadaş Ağayev ona dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.
"TV Musavat" məhkəmə prosesindən reportaj hazırlayıb.
Musavat.com həmin reportajı təqdim edir.