İctimai fəal məhkəmə zalında həbsdən azad edilib
7 aydır həbsdə olan I qrup əlil, hər iki qolu iflic olan ictimai fəal Famil Xəlilov ev dustaqlığına buraxılıb.
Dekabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri onun vəkillərinin bu barədə verdiyi vəsatəti təmin edib.
Vəkillərlə yanaşı, bu dəfə dövlət ittihamçısı də Famil Xəlilovun həbsdən buraxılmasını istəyib.
Prokuror da məhkəməyə bununla bağlı müraciət edib.
Azər Tağıyev, Kamran Muxtarov və Elnur Nuriyevdən ibarət hakimlər kollegiyası bildirib ki, həm müdafiə, həm də ittiham tərəfinin vəsatətlərini nəzərə alaraq, Famil Xəlilovun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə qərar qəbul edilir.
Famil Xəlilov məhkəmə zalında həbsdən azad edilib.
Onun işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam edəcək.
İttihama əsasən, 1990-cı il təvəllüdlü Famil Xəlilov mayın 2-də Abdullayev küçəsində gedəndə Binəqədi polisinin əməkdaşları onu şübhəli şəxs kimi saxlayıb.
Onu bölməyə gətirib, üstünə baxış keçirəndə şortikinin cibindən 13, 736 qram metamfetamin çıxıb.
Famil Xəlilov isə bildirib ki, ittihamda yazılanların hamısı başdan-ayağa yalandlr: "Mən təqsirləndirilən şəxs deyiləm, şərlənən şəxsəm”.
İctimai fəal əlavə edib ki, həbsinin səbəbi ölkədəki ədalətsizliklər, hakimiyyətin özbaşınalıqları barədə sosial şəbəkələrdəki çıxışları, yazılarıdır.
Buna görə onu narkotiklə şərləyiblər.
"Həmin yazıları kompüterdə ayaq barmaqlarımla yazırdım. Yəni məni ayaq barmaqlarımla yazdığım yazılara görə şərləyib bura salıblar”, – Famil Xəlilov bildirib.
İsveçdən ailəsilə birlikdə sığınacaq istəsə də, imtina cavabı alaraq, 2023-cü ilin yayında Azərbaycana deportasiya edilən və bu il mayın 2-də həbs edilən Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.