AZ

Arne Slot “Mançester Siti”yə qarşı qara zarafat etdi

“Liverpul”un baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slot İngiltərə çempionu “Mançester Siti”nin ünvanına qara zarafatı ilə diqqət çəkib.

Arena.az xəbər verir ki, Slot bu qara zarafatını İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Siti” üzərində “Enfild”də qazandığı 2:0 hesablı qələbədən sonra edib.

O, “qırmızılar”ın misirli ulduz hücumçusu Məhəmməd Salahın, bu oyunun onun üçün “Mançester Siti”yə qarşı son oyun olduğu haqda açıqlamasını, “şəhərlilər”in bostanına atılmış daşa çevirib. Belə ki, Slot, Salahın, “Liverpul”la müqaviləsini yeniləmək məsələsində danışıqlarda dalana dirəndiyinə eyham vurmasını və “qırmızılar”dan ayrıla biləcəyi haqda təzyiqini, ustalıqla “Mançester Siti”nin fəsadına yönəldib. Niderlandlı mütəxəssis “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə ədaləti qaydalarını 115 dəfə pozmasına eyham vurub. O, gələn mövsüm “şəhərlilər”in Premyer Liqada olmayacağını və elə, bunun üçün də Salahın onlara qarşı oynaya bilməyəcəyini ustalıqla əlaqləndirib:

“Ola bilsin ki, Məhəmməd “şəhərlilər”ə qarşı 115 ittiham haqqında daha çox bilgiyə sahibdir. Elə, ona görə də o, növbəti mövsümdə onların olmayacağını gözləyir… zarafat idi! Yenə deyirəm, bu, zarafatdır”, deyə dildən pərgar olan Arne Slot gülərək vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” 2009-2018-ci illər ərzində İngiltərə Premyer Liqasının maliyyə ədaləti qaydalarını pozmaqda ittiham edilir. “Şəhərlilər”in, icra etdikləri maliyyə ödənişlərini tam açıqlamadıqları güman edilir. Hazırda klubla bağlı iddia edilən 115 maliyyə pozuntusu ilə bağlı dinləmələr davam edir.

2017-ci ildən “qırmızılar”ın uğurları üçün çalışan misirli ulduz hücumçu Məhəmməd Salahın isə “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.

“Liverpul”a məğlubiyyət “Mançester Siti”ni İngiltərə Premyer Liqasının yarış cədvəlində 5-ci pilləyə salıb. “Şəhərlilər”in 13 oyundan 23 xalı var. “Liverpul” isə 34 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Seçilən
22
arena.az

1Mənbələr