“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 finalında “Mingəçevir”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Mərdəkandakı “Dalğa Arena”da baş tutan bu oyunda Naxçıvan təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Matçdan sonra baş tutan mətbuat konfransında Elmar Baxşıyev bunları söyləyib:
“Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə, onlar çox işləməlidirlər.
Kubokda növbəti rəqib haqda yox, çempionatda həftəsonu qarşılaşacağımız “Səbail”lə görüşü fikirləşirik. Bütün diqqətimizi, konsentrasiyamızı həmin oyuna yönəltmişik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti raundda “Zirə” – “Şamaxı” matçının qalibi ilə üz-üzə gələcək.