AZ

Azərbaycan siyasətinin “Dəmir Ledi”si Lalə Şövkət Hacıyeva kimdir - DOSYE

Hazırda ağır xəstəliklə mübarizə aparan Lalə Şövkət Hacıyeva Azərbaycanın siyasi və ictimai həyatında mühüm rolu ilə yadda qalan bir şəxsiyyətdir. Oğlu Sidqi Şövkət anasının səhhəti barədə bildirib ki, Lalə Şövkət 2020-ci ildə ürək əməliyyatı keçirib.

Musavat.com xəbər verir ki, həmin dövrdən etibarən onun sağlamlıq vəziyyətində ciddi problemlər yaranıb. O, daimi olaraq həkim nəzarəti altındadır və mütəmadi tibbi konsultasiyalar alır. Sidqi Şövkətin sözlərinə görə, Lalə Şövkət kənar yardım olmadan sərbəst hərəkət edə bilmir. Ona ev şəraitində belə kömək göstərilir ki, ən azından müəyyən hərəkətləri edə bilsin. Hazırda Lalə Şövkət 73 yaşındadır.

Lalə Şövkət Hacıyeva 7 noyabr 1951-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1968-ci ildə Bakıdakı 189 saylı orta məktəbi əla qiymətlərlə başa vuraraq Azərbaycan Tibb İnstitutuna daxil olub. 1974-cü ildə institutu bitirərək Moskva şəhərinə yollanıb və burada cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib.

Lalə

Elmi fəaliyyəti bununla məhdudlaşmayıb – səhiyyənin təşkili və idarəçiliyi üzrə doktorluq dissertasiyasını müdafiə edərək bu sahədə SSRİ-nin ən gənc elmlər doktoru kimi tarixə düşüb. Lalə Şövkət yüzdən artıq elmi əsərin müəllifidir və professor kimi müxtəlif beynəlxalq elmi layihələrdə iştirak edib.

Lalə

Lalə Şövkət Hacıyeva Azərbaycanın müstəqillik dövründə ən tanınmış siyasətçilərdən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti vəzifəsini icra edən Heydər Əliyev tərəfindən Dövlət katibi təyin edilib. Bu dövrdə ölkənin ictimai və siyasi həyatında mühüm məsələlərlə məşğul olub. Lakin 1994-cü ilin yanvarında bu vəzifədən istefa verib.

Lalə

1995-ci ildə Lalə Şövkət Hacıyeva Azərbaycan Liberal Partiyasını təsis edib və onun sədri seçilib. Onun rəhbərliyi altında partiya ölkənin siyasi həyatında demokratik prinsiplərin gücləndirilməsi və insan hüquqlarının müdafiəsi ilə bağlı fəal mövqe tutub.

Lalə

2003-cü ildə prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən Lalə Şövkət cəsarətli çıxışları ilə diqqət mərkəzinə düşüb. 2005-ci ildə parlament seçkilərində qalib gəlsə də, mandatdan imtina edərək prinsipial mövqe nümayiş etdirib.

Lalə Şövkət Hacıyeva Azərbaycan siyasətində təkcə bir partiya sədri və ya dövlət rəsmisi deyil, həm də cəmiyyətin diqqət mərkəzində olan, “Dəmir Ledi” adını qazanmış güclü bir şəxsiyyət olub. Onun siyasi və ictimai fəaliyyəti Azərbaycanın müasir tarixində iz buraxıb. Demokratik prinsiplərin müdafiəsi və ədalət uğrunda mübarizəsi ilə tanınan Lalə Şövkət, xalq arasında nüfuzlu bir lider kimi qiymətləndirilir.

Hazırda ağır xəstəliklə mübarizə aparan Lalə Şövkət Hacıyevaya tezliklə tam sağalmasını və möhkəm cansağlığı arzu edirik.

Musavat.com

Seçilən
17
2
musavat.com

3Mənbələr