AZ

Qərb Gürcüstanda yeni "rəngli inqilab" ssenarisini reallaşdıra bilmir...

Image

Qonşu Gürcüstanda cərəyan edən proseslər Qərbin burada yeni rəngli inqilab niyyətinin iflasa uğradığını göstərir. Hər halda müxalifətin dağınıq aksiyaları Qərbin bütün dəstəyinə baxmayaraq,hansısa effekt vermir. 

Elə bu fonda Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə sabitliyi bərqərar etmək üçün müxalifətlə heç bir danışıq aparılmayacaq: “Ölkədə etiraz aksiyası adı altında iğtişaşların yaranmasında bilavasitə müxalifət günahkardır”. O, bununla da ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.

Qeyd edək ki, noyabrın 28-dən Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb. Etirazlara hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı səbəb olub. Kobaxidze qanunsuz etirazlarla necə mübarizə aparacağını da açıqlayıb. Hökumət başçısı müxalifət partiyalarının qeyri-konstitusion elan edilməsi üçün məhkəməyə müraciət ediləcəyini deyib:  "Onlar bu günlərdə Gürcüstanın konstitusiya quruluşuna qarşı açıq çıxış etdilər ki, bu da Konstitusiya Məhkəməsinə müraciət etmək və müxalifət partiyalarını qeyri-konstitusion elan etmək üçün birbaşa əsas yaradır. Baxaq, proseslərin necə inkişaf edəcəyini gözləyək. Hər şey bizim əlimizdədir". Bu arada Estoniya, Latviya və Litva Gürcüstanda etirazların dağıtılmasına qatılanlara qarşı sanksiyalar tətbiqinə razılaşıb. Bunu Estoniya Xarici işlər naziri Marqus Tsaxna açıqlayıb: “Demokratiya əleyhdarları və insan haqlarını pozanlar bizim ölkələrimizdə arzuolunmaz şəxslərdir”. Sanksiyalar 11 gürcü rəsmisini, o sıradan ölkənin Daxili işlər naziri Vaxtanq Qomelauri və müavinlərini, eləcə də “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini əhatə edir. Qeyd edək ki, Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinnin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim “Gürcü Arzusu” 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki “exit poll”u hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib. Bu fonda Gürcüstanı öz nəzarətində saxlamaq uğrunda Qərb  tərəfindən mübarizə davam edir. Ölkədə intensiv xarakter alan iğtişaşlar da bunun bariz nümunəsidir. Təbii ki, ilk növbədə Gürcüstanda baş verən proseslər gürcü xalqını maraqlandırır və seçim də onlarındır. Ona görə də Qərb xalqın seçiminə hörmətlə yanaşmalı, ölkənin daxili işlərinə müdaxilə etməməlidir. Lakin Qərbdə buna məhəl qoyulmur. Qərbin Gürcüstanla bağlı ssenarisi bu ölkəni öz maraqları naminə növbəti Ukrayna etmək, daha doğrusu qurban vermək cəhdidir. Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi, indi də eyni ssenarini Gürcüstan üçün yazır. İrakli Kobaxidze  qeyd edir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən avropalı siyasətçilər və bürokratlar davamlı şəkildə ölkəni zəiflətməyə çalışırlar: “Radikallar və onların xarici himayədarları hər zaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa çalışırlar. Amma unudurlar ki, Gürcüstan güclü təsisatları və ən əsası, təcrübəli, müdrik insanları olan, heç kimin gücünü sarsıda bilməyəcəyi müstəqil dövlətdir”. Hökumət başçısı, eyni zamanda, diqqətə çatdırıb ki, “Maydan” ssenarisi Gürcüstanda həyata keçirilə bilməz. Gürcüstan güclü dövlətdir və buna imkan verməyəcək. Gürcü politoloq Petre Mamradze isə qeyd edir ki, bəzi qara qüvvələr Gürcüstanda qanunla seçilmiş parlamentə və hökumətə qarşı iyrənc kampaniya keçirirlər: “Bu kampaniya bəzi Qərb dövlətlərinin dəstəyi və təkidi ilə bir zamanlar Mixeil Saakaşvili tərəfindən yaradılmış partiyanın üzvləri tərəfindən həyata keçirilir. O şəxslər ki, Saakaşvilinin partiyasından çıxıb, başqa partiyalara soxularaq pozuculuqla məşğuldurlar. Biz görürük ki, bunlar əslində birbaşa “Makkeyn İnstitutu”nun planlarını həyata keçirirlər”.

Onun sözlərinə görə, bu adamlar seçkilərin saxtalaşdırıldığını iddia edirlər: “Əslində onlar bu əməlləri ilə tabeliyində olduqları beynəlxalq qurumların, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı yekun rəyini də şübhə altına alırlar. ATƏT müşahidəçiləri seçkilərin qanun çərçivəsində, şəffaf, azad və demokratik keçirildiyini bəyan edib və yekun sənəd imzalayıb. Ona görə də bu qrupların və onları himayədarı olan Avropa Parlamentinin ATƏT və Strasburq Məhkəməsinin qərarlarına şübhə ilə yanaşması çox gülməlidir. Bütün bunlar, eyni zamanda, “Xarici təsirin şəffaflığı haqqında” və ailə dəyərlərinə zidd olan LGBT-nin təbliğinə qarşı qanunları geri çəkməyən indiki hakimiyyəti devirmək cəhdindən başqa bir şey deyildir. Aydın olur ki, Avropa İttifaqının məqsəd və məramı məhz Gürcüstana təzyiq göstərmək, dövləti özlərinə tabe etməkdir”. Politoloq hesab edir ki, bəzi qüvvələrin 2014-cü ildə Ukraynada həyata keçirdikləri “Maydan” hərəkatı Gürcüstanda baş tutmadı: “Ukrayna xalqı bu gün də həmin hadisələrin ağrı-acısını yaşayır. Gürcüstan polisi öz vəzifəsini layiqincə yerinə yetirir. Baş nazir də baş verənlərə görə kimlərin məsuliyyət daşıdığını açıqladı. Buna baxmayaraq onlar yenə də, hansısa yollarla maksimum səy göstərərək, xalqın fikirlərinə önəm verən və xalqın gələcəyi üçün onların dəstəklədiyi qanunları qəbul edən hökuməti devirib, özlərinə qul olan başqa bir qüvvələri hakimiyyətə gətirməyə çalışırlar. Onların dəstəklədiyi hakimiyyət də Qərbin qulu olacaq və onların dediklərini edəcək. Hökumət açıq-aydın bəyan etdi ki, Avropa İttifaqı tərəfindən Gürcüstana qarşı hörmətlə yanaşma olmayana qədər biz danışıqları dayandırırıq. Əgər onlar öz siyasətlərini dəyişib bizə qarşı hörmət göstərərlərsə, biz danışıqlara başlamağa hazırıq. Gürcüstan hökuməti bəyan etdi ki, dövlət büdcəsi üçün nəzərdə tutulan qrantlardan imtina edir. Bununla da əslində Avropa İttifaqının bəzi üzvlərinin şantaj, hədə-qorxu dolu çıxışları dayandı. Deməli hökumətimiz düz yoldadır”. Xalq şəffaf şəkildə öz nümayəndələrini seçsə də, Qərb bununla razılaşa bilmir. Ona görə də siyasi texnoloqların köməyi ilə ölkədə siyasi sabitliyi pozub ənənəvi niyyətinə nail olmağa çalışır. Gürcü xalqı parlament seçkisində öz sözünü deyib. Artıq yeni hökumət formalaşıb və yeni prezidentin seçilməsi ərəfəsidir. Amma Salome Zurabişvilinin rəhbərliyi altında formalaşmış hökuməti tanımamağa, parlament seçkisinin yenidən keçirilməsinə çağırışlar olunur. Hətta Zurabişvili parlament yenidən seçilənə qədər prezidentlik postunu tərk etməyəcəyi ilə bağlı bəyanatlar da səsləndirir. Bu isə ondan xəbər verir ki, Qərbin istəyi Gürcüstanı da Ukraynanın durumuna salmağa hesablanıb. Halbuki, Qərbin dəstəklədiyi Ukrayna müstəqil respublika kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Hətta Ukraynanın Qərb ölkələri arasında bölüşdürülməsi planları da artıq gizlədilmir. Cənubi Qafqazda isə Gürcüstan üzərində həmin ssenarinin davam etdirilməsində qərarlı olan Qərb, bu ölkəyə yeni sanksiyaların tətbiq olunacağını, Avropa İttifaqına yolunun bağlanacağını, maliyyə yardımlarını dayandıracağını və sair hədələrlə hökumətə təzyiq göstərməyə davam edir.  Lakin görünən budur ki, belə cəhdlər iflasa uğramaqdadır. Qərb bu dəfə Gürcüstanda uduzur, yeni rəngli inqliab ssenarisini reallaşdıra bilmir.

Nahid SALAYEV





Seçilən
8
baki-xeber.com

1Mənbələr