Məlum olduğu kimi, Cənubi Koreyada ciddi gərginlik yaşanır. Ölkənin paytaxtı Seula hərbi texnika yeridilib, polislə müxalifət arasında toqquşmalar baş verib.
Bəs Cənubi Koreyada nə baş verir?
Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyev məsələyə bu cür şərh verib:
"Cənubi Koreya prezidenti Yun Sok-Yol müxalifəti Şimali Koreyaya rəğbət bəsləməkdə ittiham edərək, ölkədə hərbi vəziyyət elan edib və ordunu paytaxt Seula yeridib. Koreyanın şimalında sərt rejim fəaliyyət göstərsə də, cənubda da siyasi vəziyyət normal deyil. Ölkədə siyasətlə məşğul olmaq demək olar ki, təhlükəli bir işdir. Ölkənin demək olar ki, bütün keçmiş prezidentlərinə qarşı müxtəlif ittihamlarla cinayət işi açılıb.
Məsələn, 2018-ci ildə ölkə prezidenti Park Geun-hye vəzifəsindən uzaqlaşdırıldı. Xanım prezidentə səlahiyyətlərini sona qədər icra etməyə imkan verilmədi və o, 24 il müddətinə həbs edildi. Elə həmin il Koreya məhkəməsi Geun-hyenin sələfi Li Myong-bakı həbs edərək 17 il həbs cəzasına məhkum etdi.
2022-ci ildən bəri hakimiyyətdə olan Yun Sok-Yola qarşı ölkədə çox ciddi narazılıq mövcuddur. Qeyd edim ki, Park Geun-hyenin vəzifədən uzaqlaşdırılmasının təşəbbüskarı məhz indiki prezident Yun Sok-Yol olub. O zaman Yun Sok-Yol ölkənin Baş Prokuroru vəzifəsində çalışırdı. Xalqın Gücü Partiyası növbəti seçkidə onu namizəd kimi irəli sürdü və qalmaqallı seçkidə Yun Sok-Yol prezident seçildi.
Yun Sok-Yol, Demokrat Partiyasının tanınmış siyasətçilərindən biri olan Li Cae-myungu zorla məğlub etdi. Rəsmi nəticələrə görə, hər iki namizəd arasında cəmi 0,73 faizlik fərq var idi. Koreya tarixində ilk dəfə olaraq, 99,50 faiz səslər sayılmadan kimin qalib gəldiyini müəyyən etmək mümkün olmadı.
Son iki ildə Yun Sok-Yol əsasən yuxarı təbəqənin mənafeyini müdafiə edərək, orta və kiçik biznes sahələrinin zərər görməsinə səbəb olub. O, təhlükəsizlik elitasına ciddi dəstək verərək onların mövqelərinin güclənməsinə şərait yaradıb. Bu isə siyasi dairələrdə narahatlıq doğururdu. Müxalifət uzun müddətdir ki, dövlət başçısının istefası və ya həbsi istiqamətində fəaliyyət göstərirdi. Görünür, kimsə Yun Sok-Yolun qulağına sərt rejim yaratmaqla bağlı məsləhətlər verib. O, yaxşı başa düşür ki, vaxtında hərəkət etməsə, onu da sələflərinin aqibəti gözləyir".
Politoloqun fikrincə, Cənubi Koreyada Şimali Koreyaya rəğbətin artması barədə iddialar tamamilə əsassızdır:
"Cənubi Koreya ABŞ-ın nəzarətində olan bir ölkədir. Güman ki, baş verənlər Ağ Evlə razılaşdırılıb. Bu da Co Baydenin vəzifədən getməzdən əvvəl dünyaya verdiyi son hədiyyələrdən biri hesab edilə bilər.
Əgər ABŞ prosesə müdaxilə etməsə, ölkədə xalq inqilabı baş verə bilər. Müxalifət liderləri artıq Yun Sok-Yolun hakimiyyətini qeyri-qanuni elan ediblər. Nəzərə alsaq ki, müxalifət çox güclüdür, xüsusilə də Demokrat Partiyası paytaxt Seulda geniş təsir gücünə malikdir".
Zeynal Əmrəliyev sonda qeyd edib ki, yaxın saatlarda ölkədə ordu ilə narazı xalq kütlələri arasında ciddi toqquşmalar baş verə bilər.
Xalidə Gəray
Musavat.com