Hesabat turunun “Neftçi” – “Qarabağ” qarşılaşmasının sonlarına yaxın gərginlik pik həddə çatmışdı.
Hesabda yenik duruma düşən meydan sahibləri qol axtarışları üçün çaba göstərir, bəzən kobud oynamaqdan çəkinmir, qonaqlar isə bununla barışmırdı.
Son dəqiqələrdə Höccət Haqverdinin Kevin Medinaya qarşı aşkar kobudluğunu Əliyar Ağayev cərimə zərbəsi kimi dəyərləndirdi.
“Qarabağ”ın kolumbiyalısı ayağa qalxandan sonra komanda yoldaşlarından onu kimin vurduğunu soruşdu. Höccət olduğunu bilincə, hakimin final fitini gözlədi.
Görüş qurtaran kimi “Neftçi”nin texniki zonasına yaxınlaşan Medina oturacaqda əyləşən Haqverdi ilə haqq-hesab çürütmək həvəsinə düşdü. Bu an iki futbolçu arasında kiçik münaqişə yaşandı.
Bunu görən Yuri Matias tələsik özünü hadisə yerinə çatdırıb komanda yoldaşının müdafiəsinə qalxdı ki, bununla da futbolçular arasındakı gərginlik qızışdı. Çox keçmədən Emil Balayevlə Marko Veşoviç də kəllə-kəlləyə gəldilər.
Lakin ətrafdakıların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün oldu.
Maraqlıdır ki, gərgin saniyələrdə “Neftçi”nin yerli futbolçuları Emin Mahmudovla Ramil Şeydayev kənarda dayanıb yaşananları tamaşaçı qismində seyr edirdilər.
Bazar günü “Neftçi Arena”da baş tutan qarşılaşmada ağdamlılar bakılıları 3:0 hesabı ilə məğlub edib.
HƏBİB / SPORTİNFO.AZ