AZ

Xalq artistinin məhkəməyə verdiyi ifaçı: “Ustadımdan gözləməzdim, ədalətli qərar oldu”-AÇIQLAMA

Xalq artisti Natiq Şirinovla ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında məhkəmə prosesi başa çatıb. İşə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə Natiq Şirinovun 55 min manatlıq təzminat tələbi təmin edilməyib. Belə ki, Xalq artisti “Amarok” zərb alətlər qrupunun rəhbəri Ramil Cahangirovu qavaldaş maketini mənimsədiyi iddiası ilə məhkəməyə vermişdi.
 
Moderator.az-a açıqlama verən Ramil Cahangirov bildirib ki, ustadının məhkəməyə müraciət etməsi onun üçün gözlənilməz hadisə olub:
 
“Əvvəla onu vurğulamaq istəyirəm ki, ustad Natiq Şirinov bizim dəyərli sənətçimiz, xalq artistimizdir. Şəxsən mənim onun sənətinə çox böyük hörmətim var. Bu hər zaman da belə olacaq. Sadəcə olaraq ustadımın məni məhkəməyə verməsi mənim üçün şok və gözlənilməz oldu. Hansı ki, bizim illərlə əməkdaşlığımız olub, birlikdə səhnə almışıq. Çox yaxın olmuşuq. Bunlar da bir kənara o bir ustaddır. Gənc sənətçilər onun sənətindən bəhrələnirlər. Onun nağara alətində böyük əziyyəti var. Bunu heç kim dana bilməz. Bu kimi halları mən ustadımıza yaraşdırmadım. Çox təəssüf ki, bu artıq baş verdi. Natiq Şirinov məni qavaldaş maketində səhnələrdə çıxış etdiyimə görə ittiham edirdi ki, haqqıma girmisən. Hansı ki, mən məhkəmələrdə də qeyd edirdim ki, bu qavaldaşı xalqın sərvətidir, bunu hamı bilir. Qavaldaş Yunesko tərəfindən təsdiqlənmiş dövlət qoruğu Qobustanda saxlanılır” deyə məhkəməyə verilən Ramil bildirib.
 
“Amarok” zərb alətlər qrupunun rəhbəri Ramil Cahangirov bildirib ki, qavaldaşda ilk dəfə Natiq Şirinov ifa etməyib:
 
“Bunu illər əvvəl Çingiz Mehdiyev, ondan əvvəl isə bir çox sənətçilərimiz ifa ediblər. Özü də Qobustanda yerləşən qaval daşında. Əgər Natiq Şirinov iddia edirsə qavaldaşı o  səhnələşdirib? Bu da həqiqətə uyğun fakt deyil. Çünki qavaldaşı 2003-cü ildə səhnədə bizim böyük sənətkarımız, xalq artisti Sadıq Zərbəliyev Heydər Əliyev adına sarayda Ulu öndər Heydər Əliyevin qarşısında ifa edib. Səhnələşdirmə belə öncə Sadıq müəllimə aiddir. Bu faktları mən məhkəmədə də təqdim etdim. Sağ olsun bizim dövlətimiz, məhkəməmiz ki, bu araşdırmalara baxıb ədalətli qərar verdi, Natiq Şirinovun iddiasını təmin etmədi. Biz gənc ifaçılar böyük sənətkarlarımızdan dəstək gözləyirik. Yollarımızın kəsilməyi, sənətimizin, bacarığımızın qarşısının alınması üçün əllərindən gələni etməkləri yolverilməzdir. Bu kimi hallar insanı daha da kiçildir. İl yarımdır davam edən bu söz-söhbətdə təxmini 7-8 dəfə məhkəmə prossesi baş tutub. Bunların heç birində Natiq Şirinov iştirak etməyib. Onun hüquqlarını qoruyan vəkil iştirak edib. Noyabr ayının 28-də olan məhkəmədə ümumiyyətlə vəkil də iştirak etməyib. Bildiriblər ki, vəkilimizi dəyişirik, yeni vəkillə müqavilə bağlayacağıq. Ona görə də möhtərəm hakim növbəti məhkəməni dekabr ayının 2-nə təyin etdi. Dekabr ayının 2-də yenə də məhkəmədə heç kim iştirak etmədi. Bu zaman artıq əlimdəki faktlara əsaslanaraq hakim öz qərarını verdi” deyə Ramil Cahangirov deyib.
Seçilən
18
moderator.az

1Mənbələr