Azərbaycanda bu ildən ali təhsildə 7 yeni ixtisasın tətbiqi və 10 ixtisasın adının dəyişdirilməsi həm təhsil sektorunda, həm də əmək bazarında maraq doğurur. Bu yeni ixtisaslar – “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” – müasir dövrün tələblərinə cavab vermək məqsədi daşıyır. Lakin bu dəyişikliklərin real nəticələri və faydaları hələlik sual altındadır. Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, bu ixtisasların təsdiqi doğru addım olsa da, lazımi infrastruktur və dəstək olmadan, onların yalnız nəzəri bir yenilik olaraq qalması riski var.
Təhsil və əmək bazarı arasındakı ziddiyyətlər Azərbaycanda uzun illərdir müzakirə olunur. Statistikaya görə, 2023-cü ildə ölkədə ali təhsil məzunlarının 27 faizi ixtisaslarına uyğun iş tapa bilməyib. Bu, əmək bazarının mövcud ixtisaslara cavab verməməsi problemini daha da qabardır. Yeni ixtisasların yaradılması bu ziddiyyəti aradan qaldıra bilər, lakin yalnız müvafiq iş yerlərinin və müəssisələrin yaradılması ilə. Məsələn, kənd təsərrüfatı texnologiyaları və heyvandarlıq sahələri üzrə yeni kadrlar hazırlansa da, onların bilik və bacarıqlarını tətbiq edəcəkləri müasir müəssisələr olmadıqca, bu məzunlar üçün iş tapmaq çətin olacaq.
Data analitikası üzrə yeni ixtisas dünya iqtisadiyyatında böyük əhəmiyyətə malik sahələrdən biridir. Dünya Bankının 2024-cü il üçün verdiyi proqnoza əsasən, bu sahədə iş imkanları 10 faiz artacaq. Lakin Azərbaycanın bu sahədə potensialı yetərincə inkişaf etməyib. Ölkədə müasir texnologiya mərkəzlərinin azlığı və startap ekosisteminin zəifliyi, bu ixtisas üzrə məzunların qlobal rəqabətə davamlı olmasını çətinləşdirir. Bənzər vəziyyət proqram təminatı mühəndisliyi sahəsinə də aiddir. İnformasiya texnologiyaları sahəsində yüksəliş olmasına baxmayaraq, yerli infrastruktur bu sahənin məzunları üçün geniş imkanlar yaratmır.
Kamran Əsədovun fikrincə, ixtisasların yaradılmasından öncə əmək bazarının təhlili və proqnozlaşdırılması aparılmalıdır. Bu gün Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin yalnız 12 faizi müasir texnologiyalardan istifadə edir. Belə bir vəziyyətdə kənd təsərrüfatı texnologiyaları üzrə kadr hazırlamaq iqtisadiyyatda əhəmiyyətli dəyişikliklər yaratmayacaq. Oxşar problemlər qida texnologiyaları və qidalanma-diyetologiya ixtisaslarına da şamil olunur. Bu sahələrdə iş yerlərinin azlığı məzunların ixtisaslarına uyğun iş tapma ehtimalını aşağı salır.
Mövcut problemlərin həlli üçün aşağıdakı addımlar təklif edilir:Birincisi, yeni ixtisaslar üzrə tələbələrin praktiki təcrübə qazanması üçün müasir müəssisələr və laboratoriyalar yaradılmalıdır. Məsələn, qida texnologiyaları üzrə təhsil alan tələbələr real istehsalat mühitində biliklərini tətbiq etməlidirlər. İkincisi, beynəlxalq əməkdaşlıq proqramları artırılmalı və təhsil standartları qlobal tələblərə uyğun yenidən hazırlanmalıdır. Bu, məzunların qlobal bazarda da rəqabətə davamlı olmalarını təmin edər. Üçüncüsü, əmək bazarına uyğunluğu təmin etmək üçün ixtisaslara qəbul planları tələbata əsaslanaraq tənzimlənməlidir.
Yeni ixtisasların yaradılması Azərbaycanın təhsil sistemində mühüm dəyişikliklərə səbəb ola bilər. Amma bu yeniliklərin uğurlu olması üçün yalnız ixtisas adlarının dəyişdirilməsi və yeni proqramların təsdiqi kifayət etmir. Reallıqda bu sahələrin inkişafına yönəlmiş strateji yanaşmalar və iqtisadi dəstək tədbirləri olmadan, yeni ixtisasların təsiri gözlənildiyindən daha zəif ola bilər. Ölkənin iqtisadi inkişafı ilə uyğunlaşan təhsil siyasəti isə uzunmüddətli perspektivdə həm işsizliyin azaldılmasına, həm də qlobal rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.