Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İkinci Qarabağ müharibəsindən indiyədək həmin ərazilərdə görülmüş işləri isə sadalamaqla qurtarmaz. Təkcə bir faktı xatırladaq ki, artıq həmin ərazilərdə iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava limanının isə tikintisi davam etdirilir. Bəli, 30 il ərzində Ermənistan tərəfindən xarabazara çevrilən, terrora məruz qalan, bir həyat nişanəsi belə olmayan Qarabağ və Şərqi Zəngəzurun siması tamamilə dəyişir. Bu prosesdə Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri böyük rol oynayır. Dövlətimizin başçısı hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Şübhəsiz, daxili imkanlar hesabına həyat keçirilən belə genişmiqyaslı layihələr ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda sabitliyin təmin edilməsinə də xidmət edir.
Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların fəsadlarına baxmayaraq, hazırda bu proses uğurla davam etdirilir. Sevindirici haldır ki, Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin nəinki həcmi, eyni zamanda, sürəti də artmaqdadır. Artıq minlərlə məcburi köçkün öz dədə-baba torpaqlarına qayıdıb. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış şəxslərin 80 faizdən çoxunun məşğulluğu da təmin edilib. Şühbəsiz, onların bu əraziləri qayıdışı regionun həyat dolu bir məkana çevrilməsi və Azərbaycanın dayanıqlı inkişaf yolunda yeni bir mərhələyə qədəm qoyması deməkdir.
Məlumat üçün bildirək ki, indiyədək 2367 ailə - 9139 nəfər doğma ocağına qayıdıb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 220 ailə (823 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 237 ailə (912 nəfər) Cəbrayıl şəhərində məskunlaşıb. 2026-cı ilin sonu - Böyük Qayıdışın birinci mərhələsi bitənədək Qarabağ və Şərqi Zəngəzurda 34 min 500 ailənin təhlükəsiz məskunlaşması təmin ediləcək. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Bu mənada demək olar ki, artıq Böyük Qayıdış Proqramı reallığa çevrilir. Bu da həmin ərazilərin tezliklə Azərbaycanın çiçəklənən diyara çevriləcəyindən xəbər verir. Bu məqamda bu il sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşər: "Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır”. Elə bu ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su və yol xətlərinin çəkilməsi, yeni infrastrukturların inşası məqsədilə növbəti il “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün Dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılmasının proqnozlaşdırılması bunu bir daha təsdiq edir. Bu, isə o deməkdir ki, gələn il də Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkəmiz üçün əsas prioritet olacaq. Bu da Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa prosesinə, bu ərazilərdə iqtisadi həyatın canlanmasına və məskunlaşmaya öz layiqli töhfəsini verəcəkdir. Şübhəsiz, bu qədər vəsaitin ayrılması təbii ki, ölkəmizin getdikcə artmaqda olan iqtisadi göstəricilərinin nəticəsidir.
Bu prosesdə sahibkarlar da fəal iştirak edirlər. Cari ilin 1 oktyabr tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5005 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, 93 min 386 fərdi sahibkar fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 3 min 875, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 851 olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2 faizi və 0,5 faizi deməkdir. İndiyədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 240 kiçik, 28 orta və 11 iri sahibkarlıq subyekti qeydə alınıb.
Qeyd edək ki, bu yaxınlarda Milli Məclis azad edilən ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə verilməsini son oxunuşda təsdiqləyib. Şübhəsiz, bu da işğaldan azad edilmiş ərazilərin inkişafında öz sözünü deyəcək.
Qvami Məhəbbətoğlu, “İki sahil”