AZ

Bir ömrün işıqlı portreti

Fikrin ən narahat anları, gərginliyi düşüncələrdir. Lakin böyük düşüncələr adətən, təkliyin sakitliyində doğulur. Sükut və narahatlıq belə bir vəhdətdə fikrin və duyğuların pərvaz etməsi üçün axtardığı ənginlikdə təzadmı təşkil edir? Bəlkə də bu suala onun şəxsiyyəti, ömür yolu haqqında ifadə etməyə çalışdığımız aşağıdakı düşüncələr birlikdə cavab verir...

Tale elə gətirdi ki, 2004-cü ildə “İrəvan ədəbi mühiti” mövzusunda elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işi götürməli oldum. Elmi rəhbərim tanınmış alim, filologiya elmləri doktoru, professor Qara Namazov idi. Tədqiqat işimlə əlaqədar elmi rəhbərim hansı arxivlərdən istifadə etməyimlə maraqlandı və əlavə mənbələrdən də yararlanmağı məsləhət gördü. Çünki ən mötəbər mənbələr əlçatmaz olduğundan Qərbi Azərbaycandan olan və vaxtilə bölgənin ədəbi-mədəni, ictimai mühitində fəal iştirak etmiş ziyalılarla - Hidayət Orucov, Həsən Mirzəyev, İsrafil Məmmədov, Teymur Əhmədov, o cümlədən uzun illər “Sovet Ermənistanı” qəzetində işləmiş, tanınmış qocaman jurnalist, maarif xadimi Tapdıq Novruzovla da əlaqə saxlamağımı bildirdi. Elə həmin vaxtdan Tapdıq müəllimlə ünsiyyətimiz yarandı. Hər dəfə Tapdıq müəllimlə olan ünsiyyətimiz elə bil adama sadəliyin, müdrikliyin, xeyirxahlığın sirrini öyrədirdi. Hərdən öz-özümə düşünürəm ki, nə yaxşı ki, vaxtında Tapdıq müəllimlə və digər ziyalılarımızla görüşüb, həmsöhbət olub, onların Qərbi Azərbaycan ədəbi-mədəni, ictimai mühiti ilə bağlı fikir və düşüncələrini, xatirələrini almışam. Bu qədim yurd yerlərimizin ədəbi-mədəni, ictimai mənzərəsini əsərlərimdə müəyyən qədər canlandıra bilməyimdə Tapdıq müəllimin, eləcə də digər ziyalılarımızın da öz payı vardı.

Acı təəssüf hissi ilə qeyd edim ki, Tapdıq müəllim bu gün həyatda olmasa da, vaxtilə onunla olan tanışlığım, qədim yurd yerlərimizdən, soydaşlarımızın başlarına gətirilən tarixi cinayətlərdən, Qərbi Azərbaycan ədəbi-mədəni mühitindən və İrəvanda Azərbaycan dilində nəşr edilən yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzeti barədə etdiyimiz söhbətlər məndə bu şəxsiyyət haqqında olan acılı-şirinli xatirələri, onun qələmə aldığı və 2000-ci ildə “Günəş” nəşriyyatı tərəfindən nəşr olunmuş “Orda yurdumuz qaldı” adlı kitabını, eləcə də müxtəlif vaxtlarda ayrı-ayrı dövri nəşrlərdə çap olunmuş və əldə edə bildiyimiz məqalələrini bir yerə toplayıb yenidən nəşr etdirmək fikri yaratdı. Xalqa xidmət edib, ömrünü başa vurmuş adamları xatırlayıb sevə-sevə tanıtmaq, örnək kimi sevdirmək həm də vətəndaş-insan borcunun ödənişidir.

Tapdıq Həmid oğlu Novruzov 1920-ci ildə Qərbi Azərbaycanın Allahverdi rayonunun Böyük Ayrım kəndində dünyaya gəlmişdir. Bu o zaman idi ki, Qərbi Azərbaycan yenicə sovetləşmişdi. Uşaqlıq illərinin ən qayğılı çağlarında balaca Tapdıq öz mənəvi zövqünü xalqın sinəsindən qaynayan və əsrlərin yaratdığı qatlardan süzülüb gələn cazibəli bir aləmdə anası Əminənin işıqlı və sehrli nağılları dünyasında tapırdı. Gələcək pedaqoqun, jurnalistin, publisistin ilk bədii söz müəllimi də elə Əminə xanım olur. Amma gənc Tapdığın analı dünyasının varlığı, sevinci çox çəkmir. Üç qardaş, bir bacı çox erkən ana qayğısından və nəvazişindən məhrum olur..  Atası Həmid kişi o vaxtlar 1934-1935-ci aclıq illərində gecəsini gündüzə, gündüzünü gecəyə qatıb ailənin qayğısına qalır, onların aclıq çəkməməsi üçün əlindən gələni əsirgəmir. Həmid kişi uşaqlara o qədər həssas qayğı və nəvazişlə yanaşarmış ki, uşaqlar anasızlıq dərdini, nisgilini heç zaman hiss etməsinlər...

Tapdıq müəlim texnikumda təhsil aldığı illərdə qəzetdə imtahanlardan uğurlu nəticə əldə etmiş əlaçı tələbələrin haqqında dərc olunmuş məlumatlarda onun da adına rast gəlinir. Texnikumda “İrəli”, “Şərq pioneri” və digər adlar altında çıxan divar qəzetlərində gənc tələbə Tapdıq tez-tez müxtəlif səpgili yazılarla çıxış edir, qısa zaman ərzində həmin divar qəzetlərini oxucuların sevimlisinə çevirir. Həmin dövrlərdə yerlərdə çıxan divar qəzetlərinin müxbirləri və redaktorları həm də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin Azərbaycan dilində yeganə mətbuat orqanı olan “Qızıl şəfəq” qəzetinin müxbirləri hesab edilirdi. Ümumiyyətlə, “Qızıl şəfəq” qəzetinin ahəngdar fəaliyyət göstərməsində İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun müəllim və tələbə kollektivinin danılmaz rolu vardır. Qəzetin azərbaycanlı oxucular arasında yayılmasında, tirajının artırılmasında bu təhsil ocağının müəllim və tələbə heyəti böyük fədakarlıq göstərmişdi. “Qızıl şəfəq” qəzetinin tirajının artırılması və yayılması kampaniyasının uğurla həyata keçirilməsində texnikumun ən fəal tələbələrindən və müxbirlərindən biri də Tapdıq müəllim olmuşdur. Tapdıq müəllimin texnikumdakı qəzetçilik fəaliyyəti, topladığı təcrübə sonrakı illərdə onun jurnalistlik fəaliyyətində çox böyük rol oynamışdır. Tapdıq müəllim 1939-cu ilin iyun ayında İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirib təyinatla öz doğma rayonuna - Allahverdiyə, Böyük Ayrım məktəbinə ibtidai sinif müəllimi göndərilir.

1940-1941-ci illərdə isə yeddiillik Böyük Ayrım kənd məktəbində müəllim işləyir. Lakin yenicə həyata xoşbəxt vəsiqə alan Tapdığın bu xoş günləri də uzun sürmür. 1942-ci il yanvarın 11-də Böyük Vətən Müharibəsinə yollanır. Müharibədə göstərdiyi şücaətə görə 1942-ci ildə “İgidliyə görə” medalı, 1943-cü ildə “Şöhrət” ordeni, 1944-cü ildə isə “Böyük Vətən Müharibəsi” ordeni ilə təltif edilmişdir. 1945-ci i mayın 2-də Berlinin azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə iştirak edən Tapdıq müəllm həmin il mayın 3-də Reyxstaqın divarları üzərində bu sözləri yazmışdır: “Zaqafqaziyadan Berlinə qədər gəlib çatdım”. Müharibədən sonra məşhur rus yazıçısı Yevgeni Dolmatovski Reyxstaqın divarları üzərindəki imzaları köçürmüş, 1972-ci ildə rus dilində “Avtoqrafı Pobedı” kitabını yazmışdır. Həmin kitabın 83-cü səhifəsində Tapdıq müəllim haqqında da ayrıca yazı verilmişdir.

1945-ci il iyun ayının 17-də 4 illik odlu-alovlu müharibədən qayıdan Tapdıq müəllim öz pedaqoji fəaliyyətini davam etdirir. 1945-ci ilin sentyabrında İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Azərbaycanlı şöbəsinə daxil olur. 1948-ci ildə həmin institutunun 3-cü kursunu bitirdikdən sonra, 1948-ci ildə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) köçürülür. 1948-ci ilin yanvarından etibarən təhsilini indiki APİ-də (qiyabi) davam etdirməyə məcbur olur. O 1950-ci ildə həmin institutun tarix fakültəsini bitirir və həmin ildə də Böyük Ayrım kənd 8 illik məktəbinə direktor təyin edilir. 1950-ci ilin avqustundan 1964-cü ilin avqustuna qədər həmin məktəbin direktoru vəzifəsində çalışır. Milli düşüncə və maraqların Tapdıq müəllimə məxsus hüdudları və ölçüləri onun maarifçilik və ictimai fəaliyyətində nəinki qorunur, yeni bir dərinlik və vüsət də kəsb edir. O Qərbi Azərbaycanda soydaşlarımızın taleyinə və gələcəyinə bütünlükdə milli müstəvidə, hətta qlobal miqyasda həmişə nəzər salırdı.

Tapdıq müəllim təkcə maarifçilik sahəsində deyil, eyni zamanda Qərbi Azərbaycanda milli mətbuatımızın inkişafında, onun ahəngdar fəaliyyətinin təmin olunmasında da böyük zəhməti olmuşdur. O 1946-cı ildən 1963-cü ilin sonlarına kimi Qərbi Azərbaycanda Azərbaycan dilində çıxan yeganə mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinin Allahverdi rayonu üzrə ən fəal bölgə müxbirlərindən olmuşdur. Gənc müxbir Tapdıq Novruzov hər gün kəndləri, mis mədənlərini pay-piyada dolaşıb əsasən fəhlə əməyi, kolxozun işi haqqında yazır, eləcə də qəzetin xüsusi müxbiri kimi iqtisadi mövzularda məqalələri qəzetə göndərirdi. O 17 ilə yaxın qəzetin bölgə üzrə müxbiri vəzifəsini uğurla yerinə yetirmiş, milli maraqlarımızın ifadəçisi kimi çıxış etmişdir. Tapdıq müəllimin Allahverdi rayonu üzrə qəzetin müxbiri təyin edilməsi həm də həmin bölgədə ədəbi-mədəni mühitin dirçəlişinə və çiçəklənməsinə təkan vermişdir. Tapdıq müəllimin bir sıra dövrü mətbuat orqanlarında çap olunmuş məqalələri bu gün də öz aktuallığını qoruyub saxlayır. Onun Gümrüdə çıxan “Banvor” (“Fəhlə”), Allahverdi rayonunda çıxan “Lori”, Bakıda nəşr edilən “Azərbaycan məktəbi” və s. qəzet və jurnallarda müxtəlif sahələrə dair xeyli yazıları dərc olunmuşdur.

Tapdıq müəllimdə gələcək nəsillərə nümunə olacaq milli vicdan və məsuliyyət hissi, ictimai-pedaqoji bir intizam var idi. Lakin Tapdıq müəllimin adı həyatımızın mənəvi güzgüsü olan bu mətbuat ilə məhdudlaşmır. Sözün həqiqi mənasında onun fəaliyyətində hər şeydən əvvəl milli maarifçiliyimizin, pedaqoji fikrin daha da dərinləşən və zənginləşən öz məzmunu və öz vüsəti görünür. Tapdıq müəllimin böyütdüyü övladlar onun ikinci həyatıdır. Bu mənada, oğlu Vahid müəllim, qızı Zenfira xanım kimi övladlar dünyaya bəxş edən Tapdıq müəllim bu gün də, sonra gələcək nəsillərin həmsöhbəti olub, sözü-söhbəti bitib-tükənməyən ömür qatarının əbədi müsafirlərindən biri kimi xatırlanacaqdır.

Tapdıq müəllimin oğlu Vahid Novruzov bu gün Azərbaycan elmi-ictimai həyatında çox böyük ləyaqətlə fəaliyyət göstərir. İnsanın zahiri nurluğu onun iç dünyası ilə vəhdət təşkil edəndə, adətən, simasındakı nur, ziya onun səmimiyyətini, xeyirxahlığını, ən başlıcası isə bütün varlığı ilə Ulu Tanrıya olan bağlılığını ifadə edir. Dünyada çox az adam tapılar ki, onda istedadla bərabər insanlıq da vəhdət təşkil etsin. Çünki şəxsiyyət bütövlüyünün və ucalığının zirvəsinə yüksəlişin əsas meyarı Vətənə, xalqa sonsuz məhəbbət, təmənnasız xidmətdir. Böyük alim Yaşar Qarayev yazır ki, “Meyar-şəxsiyyətdir”. Şəxsiyyət yoxdursa “mən” yoxdur. Bəli, bütün insani keyfiyyətlər “mən”də birləşəndə şəxsiyyət olur. Böyük şəxsiyyət ucalığının zirvəsində dayanan bənzərsiz şəxsiyyətlərdən biri də iqtisad elmləri doktoru, professor Vahid Novruzovdur. Onda həm də, sözün əsl mənasında, ata-babalarımıza məxsus ağsaqqal ləyaqəti vardır.

Cəlal ALLAHVERDİYEV,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Seçilən
9
yeniazerbaycan.com

1Mənbələr