İttifaq MİRZƏBƏYLİ
[email protected]
Qaynar nöqtələrə tökülən yağ həmişə Qərbdən gəlir
Son zamanlar ölkəmizin sosial şəbəkələrində alman əsilli Amerika yazıçısı Kurt Vonnequta istinadən (bu adam dörd universitetin, bir liseyin məzunudur) maraqlı bir hekayət paylaşılır. Sən demə, əslində “fantastik” yazıçı olan bu müəllif təbiət hadisələri üzərində apardığı qeyri-adi müşahidələrin nəticəsini də bədii dillə qələmə alırmış. Məsələn, o yazır:
“Bir bankaya 100 qara qarışqa və 100 qırmızı qarışqa qoysanız, nə olar? Heç nə. “Sülh içində” yaşayarlar. Amma bankanı bərk silkələsəniz, qarışqalar bir-birini öldürməyə başlayar. Qırmızı qarışqalar bu “zəlzələ”ni qara qarışqalardan, qara qarışqalar isə qırmızı qarışqalardan görər. Əsl düşmən isə qabı silkələyəndir. Eyni şey insan cəmiyyətində də olur. Beləliklə, bir-birimizi düşmən bilib hücum etməzdən əvvəl, bankanı kimin silkələdiyini öyrənməliyik!”
Necə də bizim yaşadığımız zamanın (Vonnequt 1922-ci ildə İndianada doğulmuş, 2007-ci ildə Nyu-Yorkda vəfat etmişdir) problemləri ilə üst-üstə düşür. Bəlkə də yazıçı həmin faktı lokal məkana, yaxud məişət çəkişmələrinə şamil etmək istəyib. Ancaq bu gün həmin arqument lokallıqdan çox uzaqdır və “bankanı silkələyənin” kim olduğunu Asiyada və Afrikada hamı yaxşı bilir. Elə Amerika qitəsinin özündə də “banka silkələyən”, daha doğrusu, çalxalayan əllər az adama məlum deyil.
Afrikanı, Amerikanı bir kənara qoyaq. Bizim “qulağımızın dibindəki” Yaxın Şərqi, Ukraynanı, Gürcüstanı kimin çalxaladığını görməyən, bilməyən varmı? Qərb siyasətçiləri Ukraynanı Avropa İttifaqına və NATO-ya qəbul etmək vədləri ilə nə günə saldılar? O qədər iqtisadi, maddi, mənəvi, hərbi itkilərdən sonra Kiyev gah ortada tək qalır, gah silah verib ardınca da “Rusiyaya atma” xəbərdarlığı göndərilir, gah Qərbdən gələn silahlarla Rusiyaya atəş açmaq icazəsi verib Ukraynanın ərazilərinə od yağdırılmasına səbəb olurlar, gah da “Krımdan əl çək, müharibə dayansın” kimi alçaldıcı, təhqiredici planlar ortaya qoyulur. Halbuki, Ukrayna kimi güclü potensiala, iqtisadiyyata malik olan bir ölkə bu taleni yaşamalı deyildi. Qərb Ukraynanı bu günə saldı.
Ancaq təkcə ruslarla eyni kökdən – slavyan olan Ukraynanımı? Qətiyyən yox. Sərhəd qonşumuz olan Gürcüstanda da bankanı amansızcasına silkələyərək gürcü xalqının iki yerə parçalanmasına nail oldular. İndi Tbilisidə qardaş qardaşla, əmioğlu əmioğlu ilə fərqli səngərdə durub. Səngərin birində dayananlar Avropanın göndərdiyi “ailə dəyərlərinə tüpürərək əxlaqsızlığı qəbul edin” tövsiyəsini dəstəkləyirlər, o biri səngərdəlkilər isə min illərdən bəri formalaşmış gürcü mədəniyyətini, ailə ənənələrini, özünüdərkini qoruyub saxlamağa çalışırlar.
Qərbin yağ tökdüyü qaynar nöqtələrin ən dəhşətlisi isə Yaxın Şərqdədir. Qərb ideoloqları otuz-qırx il ABŞ-dən gələn iqtisadi sanksiyalara dözərək ayaq üstdə durmağı bacaran İranın “qol-qanadını sındırmaq” üçün Suriyanı qanına qəltan edirlər. Bu ölkədə 2015-ci ildə başlamış və Rusiya, Türkiyə və İranın vastəçiliyi ilə səngidilmiş vətəndaş müharibəsi bilavasitə Qərbdən gələn göstərişlərlə yenidən vüsət alır. Qan-qana qarışır, alov alova. İtirən müsəlman asiyalılardır, qazanan isə imperialist təfəkküründən əl çəkə bilməyən Qərb.
Elə Ermənistanda da eyni ssenari davam etdirilir. Bu ölkənin kütləvi informasiya vasitələri açıq aydın yazırlar ki, İkinci Qarabağ müharibəsindən sonra reallığı qəbul edərək Türkiyə və Azərbaycanla münasibətlərin normallaşasına çağıran erməni siyasətçi və ziyalılarının çoxalması təkcə Fransada deyil, ABŞ-də də çox ciddi narahatlıq yaradır. Həm Yelisey sarayı, həm də Ağ Ev ermənilərin öz yolu ilə getməsinə qətiyyən icazə vermirlər. Məqsəd revanşist təfəkkürlü erməniləri silahlandıraraq Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaqdır.
Ekspertlərin bir çoxu ABŞ və Fransanın həmin addımları Rusiyanın bu regiondan sıxışdırılıb çıxarılması üçün atdıqlarını deyirlər. Digər ekspertlər isə Cənubi Qafqazın yenidən qarışdırılması istəyinin arxasında həm də iqtisadi maraqların dayandığı qənaətindədirlər. Yəni həm Fransa, həm də ABŞ köhnə və ya təzə silahlarını satmağa, üstəlik, Şimal – Cənub və Şərq – Qərb nəqliyyat dəhlizlərində Rusiyanın pay sahibi olmamasına çalışırlar. Yəni yeni qaynar nöqtələrin yaradılması zamanı aldadılan və itirən də məlumdur, aldadan və qazanan da.
Allah Azərbaycanı bəd nəzərdən qorusun ki, biz ələ keçən bütün bankaları çalxalayaraq qardaşı qardaşa, qonşunu qonşuya düşmən edən həmin bədheybətlərin fitnə-fəsadlarından uzağıq. Əslində əvvəllər biz də o qədər uzaq olmamışıq. Otuz ilə qədər torpaqlarımızın düşmən əsarətində qalması da məhz həmin monstrların “əl işləri” idi. Ancaq indi zaman başqadır. Bizim aldanmaq limitimiz tükənmişdir.