AZ

Suriya: Hələbin ələ keçirilməsi nələr vəd edir?

Suriya 11 ildir ki, ağır vətəndaş müharibəsi şəraitində yaşayır. Etirazlar qismən səngisə də, narazılıqlar qalır. Bəşər Əsəd rejimi İran və Rusiyadan hərtərəfli dəstək almasına rəğmən, ölkədə ədalətli idarəçilik qurmaq gücündə deyil. Hərbi və siyasi müxalifət isə son günlərə qədər səsini qısıb əlverişli məqam gözləməklə məşğul idi.

Nəhayət, belə bir məqam yetişdi. Belə ki, bu il noyabrın 27-də Suriya Müvəqqəti Hökuməti tərəfindən idarə olunan Suriya Milli Ordusu (SMO) gözlənilmədən Hələbə hücum edərək 3 gün ərzində ölkənin bu 2-ci böyük şəhərini ələ keçirdi. Hökumət əsgərləri və onları dəstəkləyən proksi qüvvələr silah-sursatlarını ataraq biabırcasına meydandan qaçdılar.

Bununla da, Suriyada tamamilə yeni vəziyyət yarandı. Bir çox ekspertlərin fikrincə, Qərbin Prezident Barak Obama dönəmində “Ərəb baharı” şüari ilə başlatdığı Böyük Orta Doğu Projesi (BOP) son nəticədə regionun siyasi-inzibati xəritəsinin dəyişməsi ilə nəticələnməli idi. Bir çox imperialist qüvvələr Yaxın Şərqin ən güclü dövlətlərindən olan Türkiyənin də parçalanmasını arzulayırdılar. Açıq şəkildə beyinlərə bölgədə müstəqil kürd dövlətinin yaradılması ideyası yeridilirdi.

SMO-nun Hələb qələbəsi Qərbin dərin düşüncə quruluşlarının öz rəsmi hesabatlarında dəfələrlə dərc etdirdikləri bu layihəyə qətiyyətlə “yox” dedi. Təbii ki, bölgədə gərginliyi “azaltmaq”, əslində, pozitiv proseslərin qarşısının alınması üçün bir sıra böyük dövlətlər intensiv müzakirələrə başlayacaqlar. Bundan sonra bütün hallarda bu danışıqlar Ankaranın siyasi-hərbi, diplomatik üstünlüyü şəraitində keçəcək.

Artıq regionda marağı olan güclər tələm-tələsik hərəkətə keçiblər. “Reuters” agentliyi xəbər verir ki, dekabrın 2-də Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Suriyadakı vəziyyəti telefonla müzakirə ediblər. Kremlin sözçüsü bildirib ki, Rusiya tərəfi Suriyanın legitim hakimiyyətinin ölkənin ərazi bütövlüyünün qorunması və ictimai-siyasi sabitliyin təmin olunması istiqamətindəki səylərini birmənalı olaraq dəsləkləyir.

İran prezidenti, öz növbəsində qeyd edib ki, Tehran regionda yaranan gərgin vəziyyəti nəzarət altına almaq üçün Moskva ilə əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, bölgədə baş verənlər “ABŞ və İsrailin regionda geosiyasi landşaftı pozmaq cəhdidir və bu təhlükəli planın qarşısı region dövlətlərinin birliyi və həmrəyliyi sayəsində alınacaq”.

İranın xarici işlər naziri Abbas Araqçı, “Hələbin süqutu”ndan dərhal sonra əvvəlcə Dəməşqə, oradan da Ankaraya uçub. Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı ilə görüşdən sonra jurnalistlərə bildirib ki, “Suriyada baş verən olaylar bir daha Əsəd hökumətinin öz xalqı ilə barışmasının vacib olduğunu nümayiş etdirir və Ankara belə bir dialoqun qurulmasına öz töhfəsini verə bilər”.

Yeri gəlmişkən, dünən Türkiyə dövlətinin lideri Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı mediaya açıqlamasında bildirib ki, Suriyada qeyri-sabitlik yalnız xalqın iradəsi nəzərə alınmaqla həll oluna bilər. Təcrübəli dövlət xadimi, həmçinin vurğulayıb ki, Ankara regionda baş verənləri diqqətlə izləyir və Türkiyənin milli təhlükəsizliyinə zərər vurulmaması üçün zəruri tədbirlər görür.

Xatırladaq ki, Türkiyə, Rusiya və İran liderləri Suriya probleminin həlli məqsədi ilə son 3–4 il bundan əvvələ qədər dəfələrlə görüşərək gərgin müzakirələr aparıblar. “Ankara prosesi” adı ilə tarixə düşən bu diplomatik səylər, hələlik, real nəticələr verməyib. Səbəb maraqların üst-üstə düşməməsidir.

Məlumdur ki, Rusiya və İran Suriya rejimini açıq şəkildə dəstəklədiyi halda, Türkiyə Suriyanın konstruktiv müxalifətinin tələb etdiyi kimi, ölkədə siyasi islahatların aparılmasıni zəruri hesab edir və rəsmi Dəməşqdən xalqın səsini eşitməsini tələb edir. Təəssüf ki, Bəşər Əsəd rejimi zəruri islahatlar aparacağını vəd etsə də, bu istiqamətdə heç bir iş gömür, əksinə, əhalini zor gücünə qorxu və təzyiq altında saxlayır.

Suriya rejimi son illər terrorçu PKK-nın İraq və Suriyadakı uzantıları olan PYD və YPG ilə əməkdaşlığını da gücləndirib. Ankara, təbii ki, belə bir vəziyyətlə razılaşa bilməz. Regionda dəhşətli humanitar fəlakətə imza atan Dəməşq öz pozucu və təxribatçı əməlləri üçün cavab verməlidir. Cinayət varsa, cəza da olmalıdır. İlahi ədalət də bunu tələb edir!

Bu ilin əvvəllində hörmətli Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə ilə görüşüb regiondakı gərgin vəziyyəti übəüz müzakirə etmək təşəbbüsü ilə çıxış edib. Lakin qarşı tərəf bundan yayınıb. Türkiyə–Suriya münasibətlərində dərin çatlar yaranıb. Ankaranın Dəməşqdən haqq-hesab sormağa mənəvi və hüquqi haqqı var. Türkiyə Suriyadakı qarşıdurmalardan, hələlik, ən çox zərər çəkən dövlətlərdəndir.

Belə ki, 10 ildən çoxdur Türkiyə ərazisində 4 milyondan çox suriyalı qaçqın məskunlaşıb və bu da qardaş ölkənin büdcəsinə ağır yükdür. Beynəlxalq hüquq işləmir və dünya suriyalı köçkün ailələrinin öz ata-baba yurdlarına qayıtmaq tələbini gözardı edir. Hələbin azad edilməsi ilə qaçqınların böyük bir qisminin geri qayıtması təmin oluna bilər.

Okeanın o tayında, yəni ABŞ-də təbii ki, Yaxın Şərqdəki, eləcə də Suriyadakı son prosesləri diqqətlə izləyirlər. Məlumdur ki, ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon əlaqəsi saxlayıb. Amerikanın rəsmi mövqeyi belədir ki, regiondakı aktorlar, eləcə də Türkiyə özünün imkanları və təsir vasitələrindən mülki əhalinin müdafiəsi və nəticədə, siyasi prosesin irəliləməsi üçün istifadə etməlidir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyü Miller isə deyib ki, ABŞ-nin Suriya Prezidenti Bəşər Əsədə, onun xalqına qarşı yanlış və zərərli idarəçilik metoduna münasibətdə siyasəti dəyişməyib. Eyni zamanda Miller Vaşinqtonun əvvəllər dəfələrlə bəyan edildiyi kimi, Əsədin vəzifəsini tərk etməsini istəyib-istəmədiyini dəqiqləşdirməkdən imtina edib.

Əslində, Suriyada hazırkı şəraitdə siyasi hakimiyyətdə kimin olması o qədər də böyük əhəmiyyət kəsb etmir. Ölkənin və xalqın taleyi ağır vətəndaş müharibəsinə cəlb olunan tərəflərdən məhz kimin döyüş meydanlarında üstün gəlməsindən asılıdır.

Məsaim ABDULLAYEV
XQ

Seçilən
80
50
xalqqazeti.az

10Mənbələr