AZ

Repetitorlara BƏD XƏBƏR - Süni intellekt onları da "VURDU"

Ekspert deyir ki, Sİ şagirdlərə  bahalı fərdi repetitorların xidmətindən xilas olmağa, öyrənməni daha əlçatan və fərdi şəkildə həyata keçirməyə kömək edə bilər
 
İllərdir Azərbaycanda repetitor fəaliyyəti və bundan dolayı məktəblərdə zəif tədris problem olaraq qalır. Qeyd edilir ki, bu, təhsilin struktur problemlərindən qaynaqlandığı üçün onun tamamilə aradan qaldırılması ciddi və çoxşaxəli islahatlar tələb edir. Mütəxəssislər qeyd edir ki, təhsil sistemində ciddi dəyişikliklər edilmədikcə, müəllimlərin maaşlarının artırılması və məktəb təhsili ilə qəbul imtahanlarının uzlaşdırılması kimi addımlar atılmadıqca repetitorluğa ehtiyac qalacaq. Eləcə də repetitorluğun qeyri-formal bir fəaliyyət olması onun tam tənzimlənməsini də çətinləşdirir.
 
Dünya təcrübəsində də repetitor xidmətindən yararlanan ölkələr az deyil. Amma Azərbaycandakı kimi kütləvi deyil. Narahatlıq doğuran əsas məsələ də budur.
 
 
Moderator.az xəbər verir ki, dosent İlham Əhmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşərkən deyib ki, ümumiyyətlə, öyrənmə prosesi müstəqil olmalıdır: “Şagird və ya tələbə özü oxumalıdır. Müəllim, sadəcə, yol göstərəndir. Elm və Təhsil Nazirliyinin vəzifəsi də hər bir şagirdin keyfiyyətli təhsil almasına şərait yaratmaqdır.  Bunun üçün şagirdlərin keyfiyyətli dərsliklərlə, əlavə elektron resurslarla təmin edilməsi zəruridir. Məktəb dərsliyi elə səviyyədə olmalıdır ki, məktəbli sərbəst şəkildə bu kitabı oxuyub, dərs materiallarını müstəqil mənimsəyə bilsin. Amma biz 30 ildir hələ də normal dərslik yaza bilmirik.  Bu da nəticə etibarı ilə şagirdlərin təlimə olan həvəsini aşağı salır. Bəzən dərsliklər elə qəliz yazılır ki, hətta  ali təhsilli valideynlər belə dərslikdən baş açmırlar. Çarəsiz qalan məktəbli və valideynlər çıxış yolu kimi repetitorlara müraciət etməli olurlar. Amma bu da ailə büdcəsinə ağır yükdür. Əksər məktəblərdə repetitorlara sinif  otaqları verilir, yuxarı siniflərdə isə uşaqlar dərsdən azad edilib, repetitor yanına getmələrinə şərait də yaradırlar. Yəni məktəb təhsili repetitor təhsilinə ("kölgə" təhsilinə)  qurban verilir. Sanki bu hamının marağına uyğundur: müəllimin, direktorun, şagirdin. Bu hal isə valideynlərə maddi çətinliklər yaradır.  Amma müasir texnologiyalardan, xüsusən də süni intellektdən (Sİ) istifadə bu mənzərəni dəyişə bilər. Bu gün Sİ təhsil sisteminə ciddi təsir göstərə bilir. Bu proses gələcəkdə daha da  intensivləşəcək". 
 
İlham Əhmədov əlavə edir ki, Sİ-nin təhsil sisteminə təsiri, əsasən bir neçə istiqamətdə mümkündür: 
 
1.İntellektual repetitorlar. Süni intellekt şagirdlərə bəzi fənləri daha yaxşı öyrətməyə imkan verir. Xüsusən riyaziyyat, xarici dillər və proqramlaşdırma kimi sahələrdə daha əlverişli imkanlar yaranır. Ağıllı repetitorlar əlavə köməyə ehtiyacı olan şagirdlərə bahalı fərdi repetitorların xidmətindən xilas olmağa, öyrənməni daha əlçatan və fərdi şəkildə həyata keçirməyə kömək edə bilər. 
 
Təlimin fərdiləşdirilməsi. Süni intellekt öyrənmə  prosesini hər bir şagirdin, tələbənin ehtiyac və tələblərinə, bilik səviyyəsinə, öyrənmə tempinə uyğunlaşdıra bilər.  
 
Adaptiv təhsil platformaları.  Müxtəlif  adaptiv təhsil platformaları tələbənin təhsil nailiyyətlərinə əsaslanaraq təlim materiallarını dinamik şəkildə dəyişdirmək üçün süni intellektdən istifadə edirlər. Onlar tələbənin zəif tərəflərini  təhlil edir və öyrəncilərin  biliklərini  möhkəmləndirmək üçün fərdi məşqlər təklif edirlər.   
 
Qiymətləndirmə və əks əlaqənin avtomatlaşdırılması. Süni intellekt,  testləri və bəzi yazılı tapşırıqları avtomatik yoxlamaq qabiliyyətinə malikdir. Beləliklə,  müəllimlərin vaxtına qənaət etməyə imkan yaranır.  Bu imkan böyük kurslar və açıq kütləvi onlayn kursların (MOOCs)  təşkilində daha faydalıdır.  
 
Virtual köməkçilər və chatbotlar. Çatbotlar tez-tez verilən suallara cavab verməkdə, tələbələrə tapşırıqlar verməkdə müəllimə kömək edə bilər. Bu imkanlar öyrənmə prosesinin  müxtəlif aspektləri haqqında məlumatlar da verə bilər.  
 
Təlim prosesini təkmilləşdirmək üçün məlumatların təhlili.  Süni intellekt tələbə performansı, davamiyyət, test balları və s. haqqında məlumatları toplaya və təhlil edə bilər. Bu, müəllimlərə və təhsil menecerlərinə ümumi tendensiyaları görməyə, izləməyə və daha düzgün qərarlar qəbul etməyə imkan verir.  
 
Simulyasiyalar və virtual reallıq (VR).  Virtual və əlavə edilmiş (genişlənmiş)  reallıq ilə intearasiya etmiş süni intellekt tələbələrə öyrəndiklərini  praktik olaraq real dünyada tətbiq etməyə kömək edə  bilər. Bu zaman  tələbələr fiziki və ya virtual mühitlərə  qatılaraq real həyat təcrübələrinə əsaslanan öyrənmə prosesini yaşayırlar.  
 
Sİ müəllimlərin fəaliyyətini dəstəkləməyə və inzibati tapşırıqları optimallaşdırmağa imkan verir. Süni intellekt müəllimlərə dərs cədvəlləri  tərtib etməyə, onları idarə etməyə, prosesləri izləməyə, dərsləri təşkil etməyə və yeni kurikulum yaratmağa kömək edə bilər.  
 
Müəllimlərin peşəkar inkişafı  və təkmilləşdirməsi.  SI müəllimlər üçün fərdi  peşəkar inkişaf proqramları yaratmaq üçün istifadə edilə bilər.  
 
Əlçatanlıq və inklüzivlik. Nitqin tanınması və avtomatik tərcümə kimi süni intellekt texnologiyaları təhsil materiallarına daxil olmağı asanlaşdırmaqla əlilliyi olan tələbələrə kömək edə bilər.   
 
Etika və tənqidi düşüncə.  Süni intellektin inkişafı ilə əlaqədar tədris planlarına texnoloji etika  və tənqidi düşüncə ilə bağlı yeni fənn və ya mövzuların daxil edilməsinə ehtiyac var. Şagirdlər süni intellektin cəmiyyətə və mənəviyyata necə təsir etdiyini  tədricən dərk edirlər.  Bu amillər tələbələri SI-nin mühüm rol oynadığı bir dünyada yaşamağa və işləməyə daha yaxşı hazırlaya bilər,  onlar həm də texnologiyadan məsuliyyətlə  istifadəni öyrənə  bilərlər".    
 
 Mütəxəssis qeyd edir ki, süni intellekt təhsili daha əlçatan, səmərəli və fərdi edə bilər: “Sİ təhsilə düzgün inteqrasiya olunduqda, daha dərin, daha yaxşı öyrənmə imkanları təmin etməklə müəllim və tələbələrə daha yaxşı nəticələr əldə etməyə kömək edəcək. Sİ  inkişafı  müəllimləri işsiz qoymayacaq, əksinə, onları güclü alətlərlə silahlandıracaq. Eyni zamanda Sİ şagirdlərə fərdi qaydada, müstəqil öyrənməyə imkan yaradacaq, onları repetitorların monopoliyasından və ailə büdcəsini əlavə xərclərdən xilas edəcək.  Sİ distant təhsilə inteqrasiyada,ı fərdi öyrənmədə daha böyük perspektivlər vəd edir. Sİ inkişafı təhsildə böyük dəyişikliklər yaratsa da, ənənəvi təlim metodlarının tamamilə sıradan çıxması ehtimalı azdır. Ənənəvi metodlar müəyyən üstünlüklərə malikdir və təhsilin bəzi aspektlərində əvəzedilməzdir”.
 
“Yeni Müsavat”
Seçilən
6
6
moderator.az

7Mənbələr