Dünya yeni miqrant axını riski altındadır
Suriyada vəziyyət gərgin olaraq qalmaqdadır. Artıq günlərdir davam edən qarşıdurmaların miqyası durmadan böyüyür. Həma vilayətində hökumət qüvvələri ilə müxaliflər arasında gedən döyüşlərdən sonra şəhər mərkəzinə 6 kilometr aralıda daha 6 yaşayış məntəqəsi nəzarət altına keçib. Latakiyada isə hökumət qüvvələri məcburi səfərbərlik elan edib. Tartus əyaləti ilə Lazkiyenin Banyas və Ceble rayonlarına sursat və silah paylanılıb. Türkiyə mətbuatı yazır ki, könüllü olmaq istəyənlərə 3 milyon Suriya lirəsi - təxminən 200 dollar ekvivalentində pul verilir. Bu məbləğ Suriyada dövlət qulluqçusunun maaşının təxminən 10 misli qədərdir. Könüllü şəkildə hökumət qüvvələrinə qoşulmayan 18-40 yaş arası insanlar isə bəzi məntəqələrdə saxlanılıblar. Məhəllələrdə yol keçid məntəqələri quraşdırılıb. Xüsusilə gənclərin şəhərləri tərk etdiyi müşahidə olunur.
Qeyd edək ki, müxalif silahlı qruplar Hələb və İdlib vilayətlərinin ardınca Həma vilayətinin 16 yaşayış məntəqəsini də alıb. Hələbin şəhər mərkəzinin böyük hissəsini və bütünlüklə İdlib vilayəti müxalifətin nəzarətinə keçib.
Noyabrın 27-dən dekabrın 2-nə kimi olan tarixlərdə hücumlar zamanı 81 nəfər ölüb, 304 nəfər yaralanıb.
İtaliyalı nazirdən xəbərdarlıq...
İtaliya baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani Qəzzaya humanitar yardımın gücləndirilməsi ilə bağlı Misirin paytaxtı Qahirədə keçirilən Qahirə Nazirlər Konfransında Suriya müharibəsinin yeni miqrasiya böhranı riski yaratdığını bildirib. O qeyd edib ki, artıq bir milyon suriyalı qaçqın Livana keçib. Ən böyük risk nəticə etibarı ilə yeni miqrasiya böhranının ortaya çıxmasıdır. “Vətəndaş müharibəsinin uzun müddət davam edəcəyi təqdirdə bu, qaçılmazdır. Bu, Avropaya birbaşa təsir göstərə bilər”, - deyə italiyalı nazir bildirib.
Əsəd İsrailə müraciət edib - dəstəkçisini itirə bilər...
Xarici mətbuat isə Suriya Prezidenti Bəşər Əsədin “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasına qarşı mübarizədə İsraildən yardım istədiyini yazıb. Bildirilir ki, Əsəd Avropadakı əlaqələri sayəsində bu müraciəti həyata keçirib. Müraciətin məqsədi kimi, Əsədin “Heyət Təhrir əş-Şam” qruplaşmasına qarşı güclü dəstək axtarması göstərilir.
İsrailin bu məsələdəki mövqeyi isə hələ də bəlli deyil. Siyasi analitiklər Təl-Əvivin bu müraicətdən istifadə edərək Yaxın Şərqdəki mövqelərini daha da möhkəmləndirməsinin mümkünlüyünü önə çəkir. Bir sıra siyasətçilər isə Əsədin bu müraciətini son çıxış yolu kimi görür - İsrail ilə müttəfiq olacağı təqdirdə Əsədin bəzi “dəstəkçilərdən” imtina etməli olduğu da xatırlanır. Qeyd edək ki, Əsədi dəstəkləyən bir sıra qüvvələr İsraili birmənalı şəkildə qəbul etmir.
Hava limanı üsyançıların əlindədir
Üsyançılar isə Hələb beynəlxalq hava limanı ilə yanaşı, ölkədəki mühüm strateji əhəmiyyətə malik daha 4 hərbi hava limanını da nəzarətə götürüblər. Neyrab, Kuveyres, Minaq və Əbu əl-Duhur hava limanları hökumət qüvvələrinin əlindən alnıb. Hələb beynəlxalq hava limanının üsyançıların əlinə keçməsi, Suriyanın hava məkanının təhlükəsizliyinə ciddi təsir göstərib. Üsyançılar burada yerləşən hərbi infrastruktur və texnikanı öz məqsədləri üçün istifadə etməyə çalışırlar.
İran rəsmi şəkildə Əsədi dəstəklədiyini bəyan etdi
İranın xarici işlər naziri Abbas Əraqçı isə Dəməşq və Ankaradakı təmaslarından sonra dövlət televiziyasına mühüm açıqlamalar verib. Suriyadakı son hadisələrin aktiv müzakirəsində iştirak edən Əraqçı bildirib ki, Bəşər Əsədə Tehranın Suriya ordusu və dövlətinə qəti və birmənalı dəstək mesajını çatdırıb. “Suriya dövləti İraq-İran müharibəsi zamanı bizim yanımızda olduğu kimi, bu gün də biz Suriyanın yanındayıq”.
Türkiyə səfərinə də toxunan Əraqçı regional məsələlərdə Türkiyə ilə hər zaman yaxın əməkdaşlıq edildiyini bildirib. “Regional mövzularda fikir ayrılıqlarımız qədər ortaq nöqtələrimiz də var. Biz Türkiyə ilə razılaşırıq ki, Suriya terror təşkilatlarının bazasına çevrilməməlidir. Suriyanın yenidən vətəndaş müharibəsi astanasına sürüklənməsinin qarşısını almaq üçün də görüşlər keçirdik. Biz əlaqələrimizi və əməkdaşlığımızı davam etdirmək qərarına gəldik. Bu çərçivədə Astana prosesini irəlilətmək üçün razılaşdıq”.
Qeyd edək ki, məsələ ilə bağlı gələn həftə Dohada müzakirələr davam etdiriləcək.
Tel-Rifata qayıdış...
Uzun müddətdir ki, terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Tel-Rifat şəhəri də azad edilib. Suriya Milli Ordusu qüvvələri 4 nöqtədə başlatdıqları əməliyyatla iki gün öncə Tel-Rifat rayon mərkəzinə daxil olub. Terror təşkilatı PKK/YPG üzvləri mövqelərini tərk edərək qaçdıqdan sonra Tel-Rifatın rəsmən azad edilməsi xəbəri bildirilib. Təxminən 8 ildir terror təşkilatının nəzarətində olan Tel-Rifatın azad edilməsi ilə Azaz, Mare və Afrinə köç etmək məcburiyyətində qalan minlərlə suriyalı Tel-Rifata dönməyə başlayıb.
Müharibə dərinləşsə...
Siyasi dairələr məsələnin qısa zamanda həlli ilə bağlı mühüm müzakirələrin təşkili üçün səfərbər olublar. Suriya böhranının dərinləşməsi başda Qərb olmaqla bütövlükdə region üçün çətinliklər formalaşdıracaq. İlk növbədə, miqrant axınının yenidən güclənməsi müşahidə ediləcək ki, indiki şəraitdə xüsusilə Avropanın onları qəbul etməsi qeyri-mümkün görünür. Digər tərəfdən, onsuz da Mərkəzi Avropada baş verənlərlə bağlı yaranmış enerji böhranı Aralıq dənizi hövzəsində bu kimi müharibələrdən sonra daha da kəskinləşə bilər. Bundan xilas olmaq üçün isə region ölkələri operativ iş aparır...
SADİQ