AZ

İdeoloji təhlükəsizlik məsələləri  daim diqqət mərkəzində olmalıdır

Dövlət başçısı İlham Əliyev bildirir ki, milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi, dünyada oynadığı rolu artır

Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi tarixə qovuşsa da ölkəmizin qarşısında açdığı imkanlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunur. COP29 iqlim sammiti olmaqla bərabər, Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatında öz sözünü dedi. Bu beynəlxalq tədbir, həmçinin Azərbaycanın adət-ənənələrinin, dövlətçilik tarixinin, elm və mədəniyyətinin təbliğ olunması, dünyaya çatdırılması baxımından da diqqətdə oldu.  Belə ki,  COP29-un açılış mərasimində 80 ölkənin prezidenti, baş naziri və digər rəsmi şəxslərin qarşısında Xalq artisti, xanəndə Alim Qasımovun ifasında səsləndirilən “Sarı gəlin” mahnısı alqışlarla qarşılandı. COP29-un mavi və yaşıl zonalarında Azərbaycanın maddi, mədəni irs nümunələrinə aid vizual qrafiklər, heykəllər, eyni zamanda, Azərbaycanı təbliğ edən çoxsaylı görüntülər ölkəmizin təbliğatı baxımından çox önəmli oldu. Bir əsas faktor da iştirakçıların say tərkibidir. 76 mindən artıq  iştirakçının qatıldığı tədbir Azərbaycanın milli maraqlarının geniş təbliği baxımından  müstəsna əhəmiyyətə malik oldu.

Azərbaycan zəngin tarixə malik olan ölkədir. Müasirliyin və qədimliyin sintezi ölkəmizə gələn qonaqları təəccübləndirir. Bu fikir beynəlxal tədbirlərdə, Azərbaycanda səfərdə olan hər bir qonağın fikirlərində xüsusi yer alır ki, Azərbaycan ənənələri olan ölkədir. Müxtəlif mədəniyyətləri, xalqları bir araya gətirərək körpü rolunu oynayır. Ölkəmizin irəli sürdüyü təşəbbüslər  yeni körpülərin qurulmasını bir zərurətə çevirir ki, bu da öz növbəsində Azərbaycanın birləşdirici roluna yeni əlavələrin olunmasına stimul verir. Qeyd etdiklərimizi ümumiləşdirərək əminliklə deyə bilərik ki,  azərbaycançılıq ideologiyasının inkişafına və geniş təbliğinə xidmət edən bu kimi tədbirlərin yüksək təşkilatçılığında Azərbaycanın tanıtımı əsas yer tutur. Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitində bu məqamı xüsusi vurğuladı ki, qonaqlarımızın çoxu Azərbaycana ilk dəfədir  səfər edir. Onların ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı olacaq.  

Hər bir beynəlxalq tədbir Azərbaycanın informasiya cəbhəsində qazandığı uğurlara əlavələr edir. Azərbaycan tarixi Zəfərə imza atdı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu reallıqlarımız Azərbaycanın döyüş meydanında  üstünlüyü ilə yanaşı, diplomatik mübarizədə qələbəsinin təqdimatı oldu. Lakin cənab İlham Əliyevin çıxışlarında bu çağırışı xüsusi qeyd olunur ki, bunlar bizi arxayınlaşdırmamalıdır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. «Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq» söyləyən dövlətimizin başçısı bildirir ki, ideoloji risklər indiki şəraitdə sərhəd tanımır. Ona görə əsas vəzifə gənc nəslin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Gənc nəslin tərbiyə edilməsi gələcəyimizin təmin edilməsi deməkdir.

Azərbaycanın tarixi Zəfərində  diplomatik mübarizədə qələbəmiz əhəmiyyətli rol oynadı. 30 illik işğal dövründə həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar  və onların uğurlu nəticələri davamlılığı ilə diqqətdə oldu. Qarabağ münaqişəsinin əsl mahiyyəti faktlar əsasında diqqətə çatdırıldı. Ən yüksək tribunalardan bu çağırış səsləndirildi ki, ikili standartlar ədalətsizlikdir. Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm olmalıdır. Təbii ki, dünya güclərinin məsələlərə ikili standartlarla  yanaşması ölkəmizi ruhdan salmır, daim dövrün çağırışlarına uyğun olaraq  hədəflərə doğru inamla addımlayır, ideoloji mübarizədə səylərini daha da artırır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi, dünyada oynadığı rolu artır: «Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir.»

Azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi bütün dövrlərdə aktuallığını qoruyur. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Bu müsbət meyillər hazırda daha da  gücləndirilir. Azərbaycanda  bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar  bir amal ətrafında sıx birləşir. Şanlı Zəfərimiz ölkəmizdə  yaşayan bütün xalqları daha da sıx birləşdirir. Baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən, gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Dövlətimizin başçısı bildirir ki,  birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur. Bu istiqamətdə bundan sonra da lazımi addımlar atılacaq.

Azərbaycançılığın ən parlaq səhifələri məhz Ümummilli Lider  Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yazılıb. Ulu Öndər o dövrdə mövcud ideologiyanın qəlibləri çərçivəsində  Azərbaycanda  milli ruhun tamamilə sıxışdırılmasına nəinki yol vermədi, əksinə, onu yüksəltmək yolunda  bütün imkanlardan maksimum istifadə etməyə səy göstərdi. Milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi həmin dövrü xarakterizə edən mühüm məqamlardır. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, dilimizin qorunması, inkişaf etdirilməsi xüsusi yer tutur.

Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalqlar daim tarixin sərt sınaqlarından üzüağ çıxır, davamlı inkişafı ilə diqqət mərkəzində olur. Azərbaycan xalqının  bu gün   dünyanın 10 xoşbəxt xalqı sırasında yer almasını şərtləndirən mühüm amillər mövcuddur. Zəngin tarixə, mədəniyyətə,  ədəbiyyata, milli-mənəvi dəyərlərə malik olan xalqımız  bütün dövrlərdə tarixinə sahib çıxmış, onu  parlaq səhifələri ilə daha da zənginləşdirməyə səy göstərmişdir.  Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, bu mühüm məqamın şahidi olarıq. Ümummilli Lider   daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə  qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma  Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, bu gün hər sahədə təcrübəsi nümunə olan, beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşan,  ən əsası qalibiyyəti ilə dünyaya səs salan  ölkəmiz üçün möhkəm baza formalaşdırıb. Nəzərə  alsaq ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva  olunur, bu halda Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz  ziyalılarla keçirməsinin də nə qədər böyük əhəmiyyətə malik, bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addım olduğunu daha dərindən dərk edə bilərik.

  Xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olub. Lakin bütün təzyiqlərə, çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmişdir. Məhz bu reallıqlara söykənərək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.” Ümummilli Liderin böyük və müqəddəs ideallarla qurub-yaratdığı Azərbaycan dövlətinin tarixən keçib gəldiyi yolun öyrənilməsi mütləqdir, bir çağırışdır.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanın ən çətin zamanlarında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk səsləndirdiyi çağırışlardan biri məhz bu olmuşdur ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Ümummilli Lider bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi Vətənidir. Dövlət, ölkə nə qədər xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Ümummilli Lider Heydər Əliyevin dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdiyi diaspor quruculuğu son 21 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu mühüm məqamı da unutmayaq ki, müasir dövr informasiya mübarizəsi dövrüdür. Ölkə Prezidenti İlham Əliyevin  vurğuladığı kimi, saxta, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır. İstənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Azərbaycan bu şər-böhtan kampaniyaları ilə daim üz-üzədir. 

Ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini həzm etməyən dairələr daim əks-təbliğat kampaniyası həyata keçirir, onların inhisarında olan beynəlxalq hüquq müdafiə  təşkilatları Azərbaycanı “qeyri-demokratik” ölkə kimi təqdim edirlər. Diqqət çəkən məqam budur ki, demokratiya anlayışının mahiyyətini hələ də dərindən dərk etməyən işğalçı Ermənistan “azad ölkələr” sırasında yer alır. Bu faktın özü gündəmə gətirilən hesabatların, rəylərin hansı əsasda hazırlandığını, dövriyyəyə buraxıldığını əsaslı şəkildə açıqlayır.

Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarını nəzərə alsaq, bu çağırışı edə bilərik ki, müasir dövrümüzdə mətbuatın inkişaf problemləri ilə yanaşı, hər bir dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca aparıcı rola malik  informasiya təhlükəsizliyinin qorunması bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır. Əsas diqqət yetirilən sahə isə sosial şəbəkələrdə yerləşdirilən informasiyaların ölkələrarası əməkdaşlığın genişləndirilməsindəki rolu və əhəmiyyətidir. İnkişaf istiqamətlərini demokratiyanın təkmilləşdirilməsində, söz, mətbuat, vicdan azadlığının qorunmasında görən Azərbaycanın dövlət siyasətinin əsasında insan amili dayandığı kimi, hər kəsin ölkənin qanunları çərçivəsində sərbəst düşünmə və münasibətini bildirmə hüquqları mövcuddur. Həyatımızın ayrılmaz parçasına çevrilən, cəmiyyətin hər üzvünü hadisələr haqqında məlumatlandıran internetin ictimai rəyin formalaşdırılmasındakı rolu böyükdür. Əsas məsələ isə internetdən istifadə zamanı informasiya məsuliyyətini dərindən dərk edib, məlumatların ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında peşəkarlığı qorumaqdır.

  Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, müstəqilliyimizin əbədiliyini təmin edən daxili və xarici siyasətimiz elə təməl üzərində qurulub ki, heç bir təsir onu sarsıda bilməz. Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılması yolverilməzdir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edir ki, yeni texnologiyaların yaratdığı bütün imkanlardan səmərəli istifadə edərək Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Müxtəlif dillərdə internet resursları yaradılmalı, həqiqətlərimiz faktlar əsasında dünyaya bəyan edilməlidir. Bu mühüm uğurumuzu da qeyd etməliyik ki, Azərbaycan kosmik klubun üzvüdür. Son 5 ildə Azərbaycan orbitə 3 peyk çıxarıb. Bu uğurumuz iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində mühüm addımdır.

    Müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin, inkişafa aparan yolun əsasını təşkil edir.  Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən Dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Cənab İlham Əliyev bu reallığı da qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Bu gün Azərbaycan çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması onun artan iqtisadi və siyasi mövqeyinin təsdiqidir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Dövlətimizin başçısı uğurlarımız fonunda bu reallığı qeyd edir ki, Azərbaycan ona görə bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir ki, heç kimin qarşısında baş əymir və əyməyəcək. Buna görə də ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var.

 Bu gün tariximizin yeni dövrünü yaşayırıq. Əvvəldə də qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi yeni reallıqlara yol açdı. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin və ötən il bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsinin fonunda bu məqamı böyük qürur hissi ilə qeyd edir ki, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: «Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.»

Dövlət başçısı  İlham Əliyev suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan vəzifələri açıqlayarkən əsas diqqət göstərdiyi məsələlərdən biri məhz azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi oldu. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbəyə, bu tarixi Zəfərə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşməklə ölkələri, xalqları bir araya gətirir. Bu körpülər ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə uğurlu nəticələrin əldə olunmasında stimulverici amil rolunu oynayır. Bu baxımdan COP29 zəngin ənənələrə malik olan Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğunu təsdiqləyərək bu inamı yaratdı ki, qarşıdakı dövrdə daha yeni-yeni körpülər salınacaq, yeni əməkdaşlıq formatları yaranacaq.

Yeganə Əliyeva, "İki sahil"

Seçilən
36
ikisahil.az

1Mənbələr