AZ

Minillik sirr: Urartu dövrünə aid yeni tikililər ORTAYA ÇIXDI

Van gölünün şimalında Arin gölündə su səviyyəsinin azalması nəticəsində Urartu dövrünə aid olduğu ehtimal edilən arxeoloji qalıqlar üzə çıxıb.


Modern.az xəbər verir ki, gölün sahilində baş verən çəkilmələr nəticəsində əvvəllər su altında qalan və Urartular dövründə inşa edildiyi təxmin edilən 172 metr uzunluğunda körpü divarı və müxtəlif tikililərin qalıqları ortaya çıxıb.

Bitlis Eren Universiteti Ədəbiyyat Fakültəsinin, İncəsənət Tarixi bölümünün müəllimi dosent Həsən Buğrul, akademik heyəti ilə birlikdə bu körpü və tikili qalıqlarını araşdırır.

Aparılan araşdırmalar göstərir ki, Van gölünün ərazisində Urartu dövrünə aid başqa körpülər də mövcuddur. Eyni zamanda bu ərazidə QaraqoyunluSəlcuq dövrlərinə aid bəzi qəbir daşlarının da aşkarlanıb.


Geologiya və arxeologiya bölümlərindən olan akademiklərin davam edən araşdırmaları bu körpünün hansı məqsədlə tikildiyini aydınlaşdırmağa çalışırlar. Onlar qeyd edir ki, bu körpünün Vanda yerləşən digər körpülərlə əlaqəsi olduğu halda Urartu dövrünə aid tikililərdə istifadə edilən obsidian materialları məhz bu körpü vasitəsi ilə başqa ərazilərə aparılıb. 


Arin gölü ilə Van gölü arasındakı məsafənin 1150 metr olduğunu nəzərə alsaq, iki gölün Urartu dövründə birləşmiş ola biləcəyi ehtimalını da arxeoloqlar istisna etmir.


Körpünün Urartu dövründə tikildiyini onun tikintisində yonu (kalker qrupuna aid təbii daş) və moloz daşlardan istifadə edildiyini nəzərə alaraq irəli sürən arxeoloqlar geniş quruluşa malik bu divarın göl səviyyəsi yüksəldikdə suyun içəri axınının qarşısını almaq məqsədilə tikildiyini vurğulayırlar.


"Çökən divarın hündürlüyü yüksək deyil. Sıraları demək olar ki, pozulmayıb və dalğalı bir formaya malikdir. Bölgənin topoqrafiyasını nəzərə alsaq, Urartu dövründə quru yollarından daha çox göldə daşımaların və nəqliyyatın aktiv şəkildə həyata keçirildiyini, Erciş, Gevaş, Tatvan, Ahlat və Adilcevaz arasında göl üzərindən əhəmiyyətli bir şəbəkənin qurulduğunu görürük. Bu körpünün də həmin dövrdə tikildiyini düşünürük" - deyə arxeoloq Həsən Buğrul araşdırmaları sırasında qeyd edib. 

Seçilən
16
1
modern.az

2Mənbələr