AZ

Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət: "Mənim adımı niyə verirlər?"

“Devin Medya Akademi” ilə bağlı iddialar yayılıb. 

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, “Devin Medya Akademi” film çəkilişləri üçün həvəskar şəxslər axtarıldığına dair elan paylaşıb. Bu elanı görüb müraciət edən şəxslərdən “WhatsApp” qrupuna əlavə olunmaları üçün 20 manat tələb olunub. Sonrakı prosesdə isə 3 aylıq kurs üçün 600 manat ödənilməsi tələbi irəli sürülüb. Şikayətçi olan şəxslər qrupda 871 nəfərin olduğunu qeyd edirlər. 871 nəfərin hər birindən qrupa əlavə edilməsi üçün 20 manat pul alınıb.

“Oğlum evə qayıdan kimi bu gün üçün yenə dəvət etdilər, bu dəfə də bildirdilər ki, yönetmən sizi filan filmdə filan obrazda görür, amma bunun üçün 3 aylıq kursda iştirak etməlisiniz. Həftədə 1 dəfə Həmidə Ömərova kimi ustadlar sizə dərs keçəcək, hər ay üçün də 200 manat (cəmi 600) ödəməlisiniz. 

Təsəvvür edin, votsap qrupunda 871 nəfər insan var, hərəsindən o qədər pul alanda, görün, nə qədər edir. Bu barədə “şirkətdən” mənə zəng edən xanıma zəng edib iradımı bildirəndə isə telefonu üzümə söndürdü”,-deyə şikayətçilərdən biri bildirib. 

Qeyd edək ki, “Devin Medya Akademi”nin yaydığı elanda Həmidə Ömərova, Pərviz Malik kimi ustadların dərs verəcəyi bildirilib. Bununla bağlı “Cebheinfo.az” Xalq artisti Həmidə Ömərova ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməyə çalışıb. Xalq artisti “Devin Medya Akademi” ilə bir əlaqəsinin olmadığını bildirib: 

“Həmin kurs ilə nə müqavilə imzalamışam, nə də dərs keçmişəm. Elə kursların olduğunu bilirəm. Orada bir çox sənətkarlar dərs deyir. Amma mən dərs demirəm. Mənə yayda həmin kursdan zəng etmişdilər. Dedim ki, hazırda filmə çəkilirəm deyə vaxtım yoxdu, sonra əlaqə saxlayarsız. Ondan sonra mənimlə əlaqə saxlamayıblar. Bunu kim “Facebook”da paylaşıbsa, ola bilsin ki, nə iləsə razılaşmayıb və ya nəyisə başa düşməyib. Orada sadəcə mənim adım keçir.

Onlarla heç bir əlaqəm yoxdur. Kursun rəhbərliyi ilə aydınlaşdırın ki, Həmidə xanım orada dərs demirsə, niyə onun adını verirsiz?”

Həmidə Ömərova bildirib ki, bəlkə qeydiyyata alan şəxs sadəcə mənim adımı verməklə kifayətlənib: 

“Burada gizli heç nə yoxdur. Əgər bu kurslar təşkil olunubsa və hansısa müəllim orada dərs keçirsə əlbəttə, bunun müqabilində müəyyən ödəniş almalıdır. Təbii ki, əgər müqavilə imzalanırsa, burada qəbahət bir şey görmürəm. Şəxsən mənimlə müqavilə imzalanmayıb”.

Məsələyə aydınlıq gətirmək üçün “Cebheinfo.az” saytının əməkdaşı “Devin Medya Akademi” ilə əlaqə saxlamağa çalışıb. Bir neçə dəfə cəhd göstərilməsinə baxmayaraq, kursla əlaqə saxlamaq mümkün olmayıb. 

Seçilən
44
cebheinfo.az

1Mənbələr