AZ

Bölgədə ölüm-dirim savaşı: Rusiya səssiz geri çəkilir, İran isə...

İran və “Hizbullah” terror təşkilatının Yaxın Şərqdəki mövqelərinin zəifləməsi Suriya lideri Bəşər Əsədi də zəiflətdi. Suriyada son baş verənlər də bundan qaynaqlanır.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.

Nəşrin fikrincə, İsrailin son bir ildə İran və “Hizbullah”ı zəiflədən əməliyyatları Əsəd əleyhdarı “Heyət Təhrir əl-Şam” Hərəkatı (HTŞ) və Suriya Milli Ordusunu (SMO) hərəkətə gətirib.

Analitik Conatan Speyer Əsəd ordusunu “az təchizatlı və zəif təşkilatlanmış” kimi xarakterizə edərək, onun əsasən “Hizbullah” və İranın dəstəyinə arxalandığını deyib:

“2013-cü ildən bəri “Hizbullah” Əsədi dəstəkləməkdə mühüm rol oynayıb. Amma İsrailin “Hizbullah”a qarşı əməliyyatları bu dəstəyi xeyli zəiflətdi”.

Siyasi ekspert Kermit Valensiyə görə, “Hizbullah”ın İsraillə savaşda ağır itkiləri Əsədin vəziyyəti kövrəkləşdirib:

“Hücumlar İranın “müqavimət oxu”nun zəifləməsinin kritik nöqtəsində başladı. İran indi hərbi qüvvələrini Suriyada yerləşdirmək üçün mübarizə aparır. Bu, Əsəd üçün vəziyyəti daha da çətinləşdirir”.

Valensi söyləyib ki, Dəməşqin əsas müttəfiqi Rusiyadan da Əsəd rejiminə məhdud dəstək var:

“Rusiya müxaliflərin hücumundan təəccübləndi, məhdud miqyasda da olsa, erkən müdaxilə etdi. Rusiyanın hava dəstəyi həlledici əhəmiyyət kəsb etsə də, Suriyaya ilk müdaxilə etdiyi 2015-ci illə müqayisədə onun resursları istifadə etmək qabiliyyəti ciddi şəkildə azalıb”.

Analitikin fikrincə, Rusiya üçün indi prioritet Suriya yox, Ukraynadır.

Speyer də bu fikri təkrarlayaraq, Rusiyanın Latakiyadakı Xmeymim aviabazasının strateji əhəmiyyətini vurğulayıb:

“Rejim əks-hücuma keçsə, Rusiyanın hava dəstəyi kritik olacaq. Amma bütün diqqət və resurslarını Ukraynaya yönəldən Rusiyanın Suriya üçün qüvvə ayırmaq imkanları məhduddur”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
14
teleqraf.com

1Mənbələr