İtaliyanın Trento prokurorluğu avstriyalı milyarder Rene Benkonun həbsinə order verib.
Valyuta.az bu barədə "Financial Times"a istinadən xəbər verir.
O, Cənubi Tirolda əməliyyatlarda dələduzluqda şübhəli bilinir. İşdə şübhəli bilinən 77 nəfər var. Bəziləri artıq ev dustaqlığındadır və ya axtarışdadır.
Prokurorlar bildiriblər ki, İtaliyanın mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsi tərəfindən aparılan araşdırma Cənubi Tirolda idarəetmə qərarlarına təsir edə bilən biznes qrupunun mövcudluğunu aşkar edib.
"Sahibkarlar dövlət qulluqçularının seçki kampaniyalarını maliyyələşdirməyə hazırdırlar və bunun müqabilində onlar güzəştlər, sövdələşmələrin sadələşdirilmiş prosedurları və daşınmaz əmlak layihələrinin həyata keçirilməsi üçün konsessiyalar əldə edirlər", deyə prokurorluqdan verilən açıqlamada bildirilir.
Eyni zamanda, Avstriya Konstitusiyası öz vətəndaşlarının xaricdə məhkəmə proseslərində iştirak etmək üçün ekstradisiyasını qadağan edir. Bu çərçivədə, sahibkar Rene Benkonun vəkili bildirib ki, onun müştərisinə qarşı Avropa həbs orderi qüvvəyə minməyəcək. Vəkil bütün ittihamların "mahiyyətcə səhv" olduğunu bəyan edib.
Rene Benko Avstriyanın ən böyük daşınmaz əmlak holdinqi olan "Signa"nın sahibi olub. Lakin 2023-cü ilin noyabrında "Signa" iflas barədə ərizə təqdim edib. Şirkətin kreditorları iflasdan əvvəl həyata keçirilmiş və qanunsuz hesab etdikləri maliyyə əməliyyatları ilə bağlı məhkəməyə müraciət ediblər. O dövrdə "Signa"nın borcları 13 milyard avroya çatıb və təxminən 120 bank şirkətin kreditoru kimi tanınıb.
Paşa Məmmədli