AZ

Manuel Noyer karyerasında ilk dəfə “qırmızı” aldı, üzr istədi

Almaniya Kubokunun 1/8 finalında “Bayer”ə qarşı ev oyunu (0:1) “Bayern”in alman qapıçısı və kapitanı Manuel Noyer üçün xoşagəlməz bitib.

Arena.az məlumat verir ki, Noyer oyunun 17-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.

Bu, 38 yaşlı veteran qapıçının futbol karyerası ərzində ilk qırmızı vərəqəsidir. “Əczaçılar” Almaniya nəhənginin azlıqda qalmasından və “Bayern”ə psixoloji üstünlüklə təzyiq etmələri nəticəsində “Arena Münhen”də vacib qələbə qazanaraq, Almaniya Kubokunun 1/4 finalına yüksəliblər.

Oyundan sonra Noyer aldığı qırmızı vərəqəyə görə üzr istəyib:

“Qovulmağım oyunun inkişafında açar məqam oldu. Bizim üçün çətindir, mən isə üzr istəyirəm. Artıq komandamdan üzr istəmişəm. Ümidvar idim ki, bu məqamda azacıq oyundankənar vəziyyət vardı. Amma iş işdən keçib. Bu, mənim səhvim idi və bunu etiraf etməliyəm. Təəssüf ki, mənim başqa seçimi yoxdur”, – “Sky Sport Germany” dərgisi veteran qapıçıdan sitat gətirir.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 19 oyuna çıxıb, 13 qol buraxıb, 12 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 540 oyun, 440 buraxılmış qol və 256 “quru” oyundan ibarətdir.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
54
3
arena.az

4Mənbələr