Həyatımızın demək olar ki, hər sahəsində özünü göstərməyə başlayan süni intellekt ABŞ-da maraqlı bir layihə üçün istifadə edilib.

İndex.az xəbər verir ki, Nyu-Yorkda həyata keçirilən layihə çərçivəsində ictimai avtobuslar süni intellekt dəstəkli kameralarla təchiz edilib. Burada məqsəd avtobus dayanacaqlarında saxlanılan avtomobilləri aşkar edib cərimələr tətbiq etmək idi.

Amma deyəsən, işlər o qədər də yaxşı getməyib. Çünki süni intellektlə dəstəklənən kameralar təxminən 3800 avtomobil üçün səhv cərimə yazıb. Sözügedən nəqliyyat vasitələri parklanma qaydalarını pozmayıb. Nyu-York Bələdiyyəsi cərimələri ləğv etdiyini açıqlayıb.

Səlahiyyətlilərin fikrincə, süni intellekt bəzən düzgün park edilmiş avtomobilləri cərimələyir, bəzən də müəyyən edilmiş marşrutlardan kənarda olan nəqliyyat vasitələrini cərimələyir.

Süni intellektlə dəstəklənən kameralar ilk mərhələdə uğursuzluğa düçar olsa da, səlahiyyətlilər layihəni ləğv etməyiblər. Beləliklə, Nyu-Yorkda avtobuslar süni intellektlə dəstəklənən kameralardan istifadə etməyə davam edəcək. Bununla belə, tərtibatçılar qrupu proqram təminatı tərəfindəki problemləri həll etdi. Bu, yanlış cəzaların tətbiq edilməsinin qarşısını alacaq.