AZ

UEFA “Legiya”nı cərimələdi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam komitəsi Polşa paytaxtı Varşavanın təmsilçisi “Legiya” klubunu cərimələyib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

“Legiya”, azarkeşlərinin Belarus təmsilçisi Minsk “Dinamo”su ilə Avropa Konfrans Liqasının ümumi mərhələsinin 3-cü tur oyununda (4:0) Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına təhqiramiz lövhə açdığına görə cərimələnib. “Legiya” 17500 avro məbləğində cərimə ödəməyə mükəlləf edilib.

Xatırladaq ki, oyun Varşavanın “Marşal Yozef Pilsudski adına Polşa Ordu Stadionu”nunda keçirilib. Oyun boyu polyak azarkeşlər Aleksandr Lukaşenkoya qarşı yönəlmiş təhqiramiz şüarlar səsləndiriblər, həmçinin Belarus prezidentinin ünvanına təhqirlərin əks edildiyi, xüsusi hazırladıqları lövhələr asıblar. Stadionun təhlükəsizlik əməkdaşları azarkeşlərdən bu lövhələri yığışdırmalarını xahiş etməli olublar, stadionun diktoru isə oyun zamanı siyasi şüarların qadağan edildiyini azarkeşlərə dönə-dönə xatırladıb. Amma bu, polyak azarkeşlər tərəfindən etinasızlıqla qarşılanıb.

4 turdan sonra 12 xal toplamış “Legiya” Avropa Konfrans Liqasının Liqa mərhələsinin yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Xalsız Minsk “Dinamo”su isə 35-ci pillədə autsayderdir.

Seçilən
21
arena.az

1Mənbələr