AZ

“Devin Medya Akademi”nin təsisçisindən iddialara cavab: “Küçədən tutduğumuz adamlarla yox...”

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə “Devin Medya Akademi” ilə bağlı iddialar yayılıb. 

Belə ki, “Devin Medya Akademi” film çəkilişləri üçün həvəskar şəxslər axtarıldığına dair elan paylaşıb. Bu elanı görüb müraciət edən şəxslərdən isə “WhatsApp” qrupuna əlavə olunmaları üçün 20 manat, sonrakı prosesdə 3 aylıq kurs üçün 600 manat ödənilməsi tələbinin irəli sürüldüyü iddia olunub. O da bildirilib ki,  kursa gedənlə Xalq artisti Həmidə Ömərovadan dərs alacaqlar. H.Ömərova isə “Cebheinfo.az”-a açıqlamasında bu xəbəri  təkzib edib. (https://cebheinfo.az/medeniyyet/hemide-omerovadan-qalmaqalli-xebere-munasibet-menim-adimi-niye-verirler_775)

Şikayətçi olan şəxslər qrupda 871 nəfərin olduğunu qeyd edirlər. 

Məsələ ilə bağlı “Cebheinfo.az” “Devin Medya Akademi”nin təsisçisi Atilla Oğuzhan ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, hazırda Həmidə Ömərova kursda dərs vermir:

“Amma onun bizim varlığımızdan və ona etdiyimiz təklifdən xəbəri var. 

Həmidə xanım doğru söyləyir. Biz Həmidə xanım Ömərovaya burada dərs verməsi üçün müraciət etdik. Danışıqlar oldu. Bu görüşmələrə istinadən Həmidə xanımın dərs deyəcəyini sözləyiblər. Həmidə xanım isə filmə çəkilməsi və vaxtının olmaması səbəbindən iştirak edə bilməyəcəyini bildirdi. Bundan başqa Pərviz Məmmədrzayev bu saat kursumuzda dərs deyir. Nurəddin Mehdixanlı ilə danışıqlarımız davam edir. 

Gələcəkdə kursa Türkiyədən də aktyorlar dəvət olunacaq. Biz burda hər hansı bir saxtakarlıq etmirik. Ayrıca, 800 nəfərlik bir “WhatsApp” qrupundan bəhs edilir. O “WhatsApp” qrupunda 1800 nəfər də ola bilər. Nəticədə biz xidmət göstərən şirkətik. Nə qədər çox iştirakçımız olsa, o qədər uğurlu olarıq. 

Bu insanlar o qruplarda paylaşılan işlərə gedib çəkilişlərdən qazanc əldə edirlər. Hazırda ofisimizdə 15 nəfər işləyir”. 

Atilla Oğuzhan qeyd edib ki, hər şey şəffaf və qanunauyğun şəkildə gedir:

“Bizim sadəcə bir “WhatsApp” qrupumuz var. 600 manatlıq kurs məsələsinə gəldikdə isə biz eyni zamanda aktyorluq hazırlığı da edirik. Biz o məşqi küçədən tutduğumuz adamlarla yox, ictimaiyyətin tanıdığı insanlarla keçiririk. Bunun üçün də təbii ki, ödəniş edirlər. Burada aldığımız hər qəpikdən dövlətə vergi ödəyirik. İştirakçılar müqavilə ilə kursda iştirak edirlər. Sözləşmənin bir nüsxəsi bizdə, bir nüsxəsi iştirak isə iştirak edən şəxslərdədir”. 

Seçilən
42
cebheinfo.az

1Mənbələr