Bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Bu qayda 2025-ci ilin əvvəlindən qüvvəyə minəcək. Yalnız VÖEN-i olmayan satıcıların fəaliyyətinə icazə veriləcək. Əks təqdirdə, bazarların mülkiyyətçiləri və ya idarəçiləri cərimə ediləcək. Bu, Vergi Məcəlləsində də əksini tapıb.
Gundem.az bildirir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yeni qərar bazarda satılan məhsulların bahalaşması ilə nəticələnəcək:
"Əlbəttə, bu qiymətlərin ciddi bahalaşmasına gətirib çıxaracaq. Çünki vergiyə cəlb olunan məbləğ, sözsüz ki, malın maya dəyərinə daxil ediləcək. Tutaq ki, müştəri göyərtini 20 qəpiyə alırsa, üstünə vergi əlavə olunacaq, nəticədə məhsul 25 qəpik olacaq. Digər məhsullarda da eyni tendensiya özünü göstərəcək.
Verginin tətbiqi Azərbaycan kimi iqtisadiyyata malik ölkədə dərhal qiymətdə öz əksini tapır. Yeni qərar bazarda fəaliyyət sahibkarlara ciddi ziyan vuracaq.
Hazırda paytaxtda sahibkarlıq obyektlərinin sayı sürətlə azalır. Obyektlərin bir çoxunun üzərinə baxsanız, görərsiniz ki, icarədar axtarılır".
Ekspertin fikrincə, sahibkarları ciddi vergi yükü gözləyir:
"Sahibkarlıq fəaliyyətinə başlamaq üçün göysatan gedib vergi üçün qeydiyyata düşsə, onun dərhal 1000 manat xərci çıxacaq. Göyərti satıb evinə günlük 15-20 manat çörəkpulu aparan adamın vergi qeydiyyatından keçib 1000 manat ödəmək imkanı varmı?!
Bu məbləğin təkcə 500 manatı kassa apartına çıxacaq. Halbuki kassa aparatının 500 manata olması da çox gülüncdür. Bu gün minlərlə funksiyaya malik olan smartfonlar 200-300 manata, yalnız 1 funksiyası olan kassa aparatı isə 500 manatdır. Üstəlik, bu ölkə daxilində hazırlanır".