AZ

Deputat: "Qarabağ və Şərqi Zəngəzur turizm üçün əvəzsiz rol oynayacaq"

"Suverenliyimizi bərpa etməyimiz bizi dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirdi. Azərbaycan insanı özgüvənli və güclü dövlətin vətəndaşı olduğunu hiss edir. Gələcəyə daha nikbin baxır. İnsanların iş əmsalının da artmasına belə hallar müsbət təsir edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərli deyib. 

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə çox sürətlə bərpa və quruculuq işləri aparılır:

“İşlərin əhatəsi geniş, relyef o qədər çətindir ki, burdaki işlər əlavə maliyyə və işçi qüvvəsi tələb edir. Quruculuq və bərpa işləri ilə paralel olaraq məcburi köçkün düşmüş insanların ləyaqətli şəkildə yurdlarına köçü də təmin olunur. Yüzlərlə insan ata-baba yurdlarında yaşamağa başlayıb. Dövlətimiz həmin insanların məşğuliyyətini, işlə təmin olunmasını vacib hesab edir".

Deputat bildirib ki, Vətən müharibəsi zamanı dünyaya 5-ci nəsil savaş göstərdik:

"Fərqli müharibə metodlarından istifadə etdik. İndi də postmüharibə dövründə gördüyümüz quruculuq işləri, digər sahələrdəki inkişaf ilə gücümüzü bütün dünyaya nümayiş etdiririk. 

Yurdlarına qayıdan insanların işlə təmin edilməsi ölkə iqtisadiyyatına tövhə deməkdir. İşğaldan azad olunan ərazilərdəki resurslardan insanlarımızın yararlanması vacibdir. Azərbaycanda həm aqrar, həm də turizm sahəsi mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzur bölgəsi hər iki sahədə sürətlə inkişaf edəcək. Bu ərazilərdə yeni innovasiyalar tətbiq olunur. Ağıllı kənd və ağıllı şəhər layihələri icra olunmağa başlayıb. 

Yaşıl enerjiyə keçid həmin bölgələrdə layihə kimi icra olunmaqdadır. Bütün bunlar göstərir ki, azad olunan ərazilərimizdə dünyanın yeni çağırışlarına cavab verən şəhərsalma və yenidənqurma işləri aparılır. Orada yaşayan insanların əmək fəaliyyətinin formalaşdırılması və inkişafı üçün dövlətin konkret olaraq cızdığı yol xəritəsi var. 

Prezident İlham Əliyev görülən işlərlə bağlı ən xırda detallara nəzarət edir. Mütəmadi olaraq səfər edərək görülən işləri yerindəcə yoxlayır. Yeni obyektlərin açılışını edir. Görülən işlər ölkə başçısının şəxsən nəzarətindədir. Qarabağ və Şərqi Zəngəzur ölkəmizə böyük gəlir gətirən ərazi olacaq. Aqrar və turizm sahəsində ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz rol oynayacaq".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
33
1
demokrat.az

2Mənbələr