Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Baydenin prezident səlahiyyətlərindən sui-istifadə edərək oğlunu əfv etməsinə ilk münasibət bildirənlərdən biri də ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp oldu. O, bu hadisəni Baydenin vəzifəsindən sui-istifadə etməsi və məhkəməyə hörmətsizlik kimi qiymətləndirdi. Tramp sosial şəbəkəsində etdiyi paylaşımında bu dəyərləndirmənin ardınca belə bir sual da ünvanladı ki, Co Hunterə verilən əfv uzun illər həbsdə olan 6 yanvar girovlarına da şamil edilirmi? Tramp "6 yanvar girovları" ifadəsi ilə 2021-ci il Kapitoli basqınında iştirak etdikləri üçün məhkum edilən şəxsləri nəzərdə tutur.
Vüqar Rəhimzadə vurğulayıb ki, vaxtilə tüfeyli həyat tərzinə görə dəfələrlə qınaq hədəfində olan Baydenin səlahiyyətlərindən sui-istifadə edərək narkoman, cinayətkar, əxlaqsız oğlunu əfv etməsi bu mənada başa düşüləndir. Bu, amerikasayağı demokratiyadır. Digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden administrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir. Amerikasayağı demokratiyanın prinsipləri zamana və məkana görə dəyişir. Demokratiyanın əsas prinsipləri qanunun aliliyinin və sabitliyin təmin olunmasıdır. Əslində, məhkəmə-hüquq sisteminə hörmətsizliyi ilə diqqətdə olan Baydendən demokratik addım gözləmək sadəlövhlük olar. Bayden administrasiyasının "demokratiya"dan özünün qlobal strategiyasını, geosiyasi addımlarını reallaşdırmaq üçün alət kimi istifadə etməyə çalışması özlüyündə demokratik dəyərlərə ən böyük zərbədir. Demokratiya hər hansı bir ölkənin patenti deyil, o, bəşəriyyətin ortaq dəyəridir. Demokratik prinsiplərin tətbiqində vahid mexanizmin bugünədək müəyyənləşdirilməməsi daim problemlərin yaşanmasına, etimad mühitinin sıfıra enməsinə gətirib çıxarar. ABŞ-ın hazırkı administrasiyasının guya demokratiya naminə keçirdiyi sammitlər də daim tənqid atəşinə məruz qalır. Bu reallıq da xüsusi vurğulanır ki, Bayden administrasiyasının təqdim etdiyi demokratiya modeli bu ölkənin xarici siyasətinə, hazırkı beynəlxalq siyasi reallıqlara uyğun gəlmir.
Millət vəkili bildirib ki, Bayden hökumətinin demokratiyanın əsas elementlərindən olan məhkəmə sisteminin qərarlarına belə hörmətsiz yanaşması təəccüb doğurmur. Onun təşkilatçılığı ilə keçirilən saxta demokratiyaya dəstək sammitləri bu hökumətin demokratik islahatlarının əsasında hansı məqsədlərin dayandığının aydın ifadəsidir. Qeyd edək ki, həmin sammitlərdə Ermənistanın dəvət edilənlər sırasında olması Baydenin demokratik prinsiplərə hansı prizmadan yanaşdığını açıqlamışdı.