Elektrikli avtomobillərin satışı dünyada artmaqda davam edir. Lakin Avropada dövlət tərəfindən stimulların azalması satışlara mənfi təsir göstərir. Görünən odur ki, bu tendensiya gələn il də davam edəcək.

İndex.az xəbər verir ki, Almaniyadan sonra Fransa və İspaniya kimi böyük Avropa ölkələri də elektrikli avtomobillərin təşviqini azaltmağı planlaşdırır.

2025-ci il milli büdcəsinin bir hissəsi olaraq, Fransa hökuməti elektrikli avtomobillərə subsidiya proqramının büdcəsini 1,5 milyard avrodan 1 milyard avroya qədər azaldır.

Fransız müştərilər hal-hazırda qiyməti 47,500 avrodan aşağı olan elektrikli avtomobillər üçün 4,000 avro ilə 7,000 avro arasında dəstək ala bilsələr də, bu dəstək məbləği 2025-ci ildə yarıya qədər azalaraq 2,000 ilə 4,000 avro arasında düşəcək.

Ölkə həmçinin innovativ elektrik kirayəsi proqramını da azaldacaq. Aztəminatlı ailələrə ayda 100 avroya kiçik elektrik avtomobili və ya ayda 150 avroya daha böyük elektriklə işləyən ailə avtomobili icarəyə götürməyə imkan verən bu proqram o qədər populyarlaşdı ki, istifadəyə verildikdən cəmi iki ay sonra populyar tələb səbəbindən dayandırıldı. “Rho Motion”a görə, proqrama 2024-cü ildə 650 milyon avro maliyyə vəsaiti daxil olub, lakin gələn il büdcə 300 milyon avroya qədər azalacaq.