AZ

Avropa Ukraynanı fəda etmək niyyətində deyil: həm pul, həm silah, həm də sığınacaq

Ramil İbrahimov: “Müharibənin Almaniya iqtisadiyyatına vurduğu zərərə baxmayaraq, almanların 62% əhali savaşda Ukraynanı dəstəkləyir”

Rusiya-Ukrayna müharibəsi tam şiddəti ilə davam edir. ABŞ və bəzi Avropa ölkələrinin öz silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Kiyevə icazə verməsi və buna qarşılıq olaraq Moskvanın ortamənzilli ballistik raketlərlə Ukrayna ərazilərini vurması qarşıdurmanın miqyasını daha da genişləndirib.

Ukrayna ordusu artıq Rusiyanın bir sıra obyektlərinə uğurlu zərbələr endirib. Kremldən “müharibə qlobal fazaya keçdi” açıqlaması verilib. Nüvə müharibəsi riski getdikcə daha inandırıcı təsir bağışlayır.

Baş verənlər Avropada ciddi miqrant böhranı yaradıb. Avropa ölkələri Kiyevə silah, texnika və maliyyə yardımı etməklə yanaşı, ukraynalı qaçqınlara sığınacaq da verirlər. Ən çox qaçqın qəbul edən ölkənin Almaniya olduğu bildirilir.

Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov AYNA-ya açıqlamasında deyib ki, müharibə nəticəsində sığınacaq üçün təhlükəsiz ölkə olaraq Almaniyanı seçən ukraynalıların sayı, təxminən 1.2 milyon nəfərə çatıb: “2024-cü ildə açıqlanan rəqəmlərə görə, sığınacaq alan ukraynalılardan yalnız 20%-i işləyir. Ukraynalı qaçqınların işçi qüvvəsinə daxil olmamasının müxtəlif səbəbləri var. Bunlardan biri də Almaniyada sosial təminatın yüksək olmasıdır. Bu da Almaniya iqtisadiyyatına əlavə yük olaraq dəyərləndirilir”.

“Son aylarda Almaniyada baş verən hökumət böhranının səbəblərindən biri olaraq bu faktor göstərilir. Ölkənin nüfuzlu iqtisadi araşdırma qurumu olan Alman İqtisadiyyat İnstitutunun (IFW) məlumatlarına görə, Ukraynadakı müharibə indiyədək Almaniyaya təxminən 240 milyard avroya başa gəlib. Bununla yanaşı Almaniyanın Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstəyi davam edir. Ötən ay Berlində Almaniya, Fransa, İngiltərə, Polşanın müdafiə nazirləri, o cümlədən İtaliya Müdafiə Nazirliyinin müşaviri Avropanın müdafiə qabiliyyəti və Ukraynaya dəstəyini müzakirə ediblər. Mətbuatda yayılan açıqlamada Almaniya müdafiə nazirinin “Prezident Tramp və yeni administrasiya dövründə bəzi şeylərin dəyişəcəyi aydındır. Buna nə qədər tez hazırlaşsaq, bir o qədər yaxşıdır” açıqlaması verdiyi qeyd olunur”, - deyə həmyerlimiz bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada aqressiv şəkildə irəlilədiyini, xüsusilə də Ukraynanın infrastrukturuna hava hücumları təşkil etdiyini və hər gün minlərlə insanı öldürdüyünü ifadə edən Almaniyanın müdafiə naziri Pistorius Rusiyanın təhdidedici rəftarının dolayısı ilə və ya birbaşa olaraq Avropaya yönəldiyi qənaətində olduğunu həmkarları ilə bölüşüb: “O cümlədən Almaniyanın Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin açıqlamasına görə, il yarım əvvəl Almaniyadakı ukraynalıların əksəriyyəti Ukraynaya qayıtmaq istədiklərini bildirsə də, bu gün vəziyyət dəyişib və mühacirlərin əksəriyyəti ölkədə daimi qalmağı planlaşdırır”.

“Sığınacaq alan ukraynalıların 65%-i daimi yaşayış yeri əldə edərək Almaniyada qalmaq istəyir. Son anketlərə görə, alman xalqı müharibənin Almaniya iqtisadiyyatına vurduğu zərərdən, enerji böhranından narahat olsa da, 62% əhali savaşda Ukraynanı dəstəkləyir”, - deyə İbrahimov vurğulayıb.

Seçilən
32
turkustan.az

1Mənbələr