AZ

Türkiyənin Suriyaya TƏSİRİ: “Ankaranın sülhə dəstəyi vacib amilə çevriləcək”

“Ciddi siyasi müzakirələrin önünü açacaq atəşkəs razılaşmasının imzalanması Türkiyə üçün strateji qələbə olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Ankara, Moskva və Tehranın Yaxın Şərqdə atacağı addımlar barədə fikirlərini səsləndirən siyasi şərhçi Robert Ford deyib.

Onun sözlərinə görə, Suriyanın Hələb və Həma əyalətlərinin şimalındakı bölgələrin silahlı qruplar tərəfindən işğalı Suriya prezidenti Bəşər Əsəd və onun müttəfiqləri olan Rusiya və İrana ən böyük zərbədir.

“Türkiyə əvvəlkindən daha güclü mövqedədir. Buna baxmayaraq, yeni atəşkəs razılaşmasına nail olmaq həm itirən, həm də qazanan bütün tərəflər üçün zəruridir. Rusiya xarici işlər naziri Sergey Lavrov ilə türkiyəli həmkarı Hakan Fidan arasında 30 noyabrda keçirilən telefon danışığından sonra Rusiya Xarici İşlər Nazirliyi Suriyada vəziyyətin sabitləşdirilməsi üçün çağırış etdi. Moskvanın bu çağırışı 2020-ci ilin martında Ankara və Moskva arasında razılaşdırılan, lakin qısa müddət ərzində uğursuzluqla nəticələnən anlaşmanı xatırladır. Artıq atəşkəsin “olub-olmaması” deyil, “nə zaman olacağı” sualı ətrafında fikirləşmək lazımdır”.

Analitikin fikrincə, Rusiyanın müttəfiqi Bəşər Əsədin təcili atəşkəsə ehtiyacı olduğu aydındır:

“Əsədin ordusu Suriyada çox zaman uğurlu nəticələr əldə etməyib. 2024-cü ilin noyabrında baş verənlər isə tam bir fəlakətdir. Bölgədə irəliləyən qruplar Hələbə və cənubdakı kiçik Rusiya və İran qüvvələrinə qarşı hərəkət edə bildilər. Suriya ordusu yeni müdafiə xətti qurmaq üçün 130 km cənubda yerləşən Həma şəhərinə geri çəkilmək məcburiyyətində qaldı. Əsədin əlində çox az sayda əsgər qaldığı üçün onun hərbi dəstəyə ehtiyacı var. Putin Suriyaya daha çox pilot, təyyarə və bomba göndərə bilərdi. Lakin uğursuzluqları Əsədin üzərinə qoyaraq daha çox Ukrayna müharibəsi ilə məşğuldur. Yeni atəşkəs Rusiyanın Əsəd üzərindəki təsirini zədələmədən məqsədə çatmaq üçün fürsət olacaq. Bu vəziyyət isə Türkiyəni kritik mövqeyə gətirir. Suriya müttəfiqləri hərbi irəliləyişi davam etdirmək istəyirlər. Ancaq bu irəliləyiş böyük ölçüdə Türkiyənin təmin etdiyi sursat, qida və yanacaq kimi resurslara bağlıdır”.

“Rusiya ilə İran İdlib, Hələb və digər şəhərlərə hava hücumları etməklə təhdid yaratdıqca, Suriyada və Ukraynada baş verən hücumların təsirini görən Ankara öz seçimlərini yenidən gözdən keçirmək məcburiyyətində qalacaq. Bu nöqtədə, çox sayda suriyalı qaçqının öz ölkələrinə geri dönməsinə imkan verəcək. Ciddi siyasi müzakirələrin önünü açacaq atəşkəs razılaşmasının imzalanması Türkiyə üçün strateji qələbə olacaq.

Xarici İşlər Naziri Hakan Fidan 30 noyabrda etdiyi çıxışda Türkiyənin əsas məqsədinin silahlı qruplarla Əsəd hökuməti arasında siyasi müzakirələrin başlanması olduğunu vurğuladı. Amma bütün qrupların tək liderə sadiq olmaması səbəbindən, suriyalı müxaliflər Şamın xarici ərazilərinə çatan zaman öz aralarında münaqişəyə girə bilərlər. Belə olan təqdirdə isə yeni şəhərlərin və qəsəbələrin idarəsi üçün dərhal həll olunması lazım problemlər ortaya çıxacaq. Yəni Türkiyənin dəstəyi vacib amilə çevriləcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
13
yenicag.az

1Mənbələr