Tənqidçi-ədəbiyyatşünas, filologiya elmlər doktoru, Milli Məclisin deputatı Elnarə Akimovanın “Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri” adlı yeni kitabı çap olunub. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır.
Kitabda çağdaş humanitar fikrinin kontekstində Azərbaycan uşaq ədəbiyyatının tarixi təcrübəsi – təşəkkülü, yaranması və inkişafı ümumiləşdirilir. “Uşaq ədəbiyyatı: tarixdən çağdaşlığa”, “Klassika modern işığında”, “Uşaq mətnləri diskurs kimi”, “Uşaq ədəbiyyatında müharibə və zəfər duyğuları”, “Dərsliklərin vəziyyəti: problemlər, qayğılar”, “Müsahibələr: analitik müstəvidə”, “Müzakirə saatı: söhbətlər, düşüncələr”, “Uşaq ədəbiyyatında imzalar” adlı bölmələrdə sistemləşdirilən mətnlərdə uşaq ədəbiyyatının müasir istiqamətləri ilə bağlı dəyərləndirmə aparılır, müxtəlif uşaq ədəbiyyatı nümunələrinin poetikası, üslub və növ zənginliyi nəzəri analizə cəlb olunur, habelə Zəfər tariximizdən sonra uşaq ədəbiyyatının vardığı yeni hüdudlar tədqiqat predmetinə çevrilir.
Kitab humanitar fikir adamlarına, elm, ədəbiyyat və geniş oxucu auditoriyalarına ünvanlanmışdır.